Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın beşinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da mübarizəyə start verilib.
Hüseyn Rzazadə (48 kq) 1/8 finalda hindistanlı Aaryan Aaryana minimal fərqlə məğlub olub – 5:6. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.
Təsnifat mərhələsində Abbas Şəfiyev (55 kq) qazaxıstanlı Temirlan Murata (1:9), Rəşid Nəzərov (65 kq) ermənistanlı Erik Papikyana (1:9), Hakim Tağıyev (110 kq) isə özbəkistanlı Bəhruz Aşırova (2:3) uduzub.
Nihad Süleymanlı (80 kq) 1/8 finalda qırğızıstanlı Əli Bəkzodoviç Zakircanova tam üstünlüklə (10:0) qalib gəlsə də, növbəti görüşdə türkiyəli Volkan Bilginə 6:10 hesabıyla məğlub olub.