31 iyul 2026 23:32
98

Atlanta Olimpiadasının 30 illik yubileyi qeyd olunub

İyulun 31-də "Atlanta-1996" Yay Olimpiya Oyunlarının və Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Hərəkatında ilk iştirakının 30 illiyinə həsr olunmuş təntənəli qala gecəsi keçirilib.

Milli Olimpiya Komitəsindən (MOK) “İki sahil”ə verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Atlanta Olimpiadasının tarixi əhəmiyyətindən danışılıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında iştirakının ölkə idmanının inkişafında mühüm mərhələ olduğunu vurğulayıb.

“30 il əvvəl 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirak etdi. Olimpiadada milli komandamız 23 idmançı ilə təmsil olundu. Sevindirici haldır ki, biz müstəqil dövlət kimi ilk dəfə iştirak etdiyimiz Olimpiya Oyunlarında medal qazanan ölkələr sırasında yer aldıq. Sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medala yiyələndi. Bu, "Atlanta-1996" Yay Olimpiya Oyunlarında əldə etdiyimiz ilk medal olsa da, müstəqil Azərbaycanın Olimpiya Hərəkatındakı növbəti uğurlarının təməl daşı, başlanğıcı oldu. Milli Olimpiya Komitəsi olaraq bu gün Atlanta Olimpiadasında iştirak edən Azərbaycan idmançıları, məşqçiləri və nümayəndə heyətinin üzvlərini bir araya toplamışıq. 30 il keçməsinə baxmayaraq, onları yenidən aramızda görməkdən çox məmnunuq. Dəvətimizi qəbul etdiyinə görə onlara öz təşəkkürümüzü bildiririk. İnanıram ki, dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycan idmançıları bundan sonra da böyük uğurlar qazanacaqlar”,- deyə Çingiz Hüzeynzadə bildirib.

"Atlanta-1996" Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran sərbəst güləşçimiz Namiq Abdullayev, həmin Oyunların nümayəndə heyətinin üzvü Əbülfəz Qarayev çıxış edərək Olimpiada ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

"Atlanta Olimpiadasından 30 il keçməsinə baxmayaraq, həmin anları qürurla xatırlayırıq. Olimpiya Oyunları hər bir idmançı üçün böyük sınaq meydanıdır. Bu Olimpiya Oyunlarında gümüş medala yiyələndim. Bu gümüş medal Ulu öndər Heydər Əliyev tərəfindən qızıl mükafat kimi dəyərləndirildi. Bu gün tədbirdə iştirak edən hər bir şəxsə, Milli Olimpiya Komitəsinə öz təşəkkürümü bildirirəm. 30 ildən sonra milli komandanın üzvləri ilə bir arada olmaq böyük şərəfdir”,- deyə Namiq Abdullayev diqqətə çatdırıb.

Tədbir çərçivəsində "Atlanta-1996" Yay Olimpiya Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Atlanta Olimpiadasında Azərbaycanı təmsil etmiş idmançılara MOK tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Qala gecəsində, həmçinin süni intellekt vasitəsi ilə canlandırılmış arxiv fotolarından ibarət xüsusi videoçarx nümayiş olunub. "Azərbaycanın Olimpiya yolu" adlı təqdimatda isə ölkəmizin "Atlanta-1996"dan "Paris-2024" Yay Olimpiya Oyunlarınadək qazandığı uğurlar və Olimpiya nailiyyətləri əks etdirilib.

Rəsmi hissədən sonra tədbir musiqi proqramı ilə davam edib.

Qeyd edək ki, "Atlanta-1996" Yay Olimpiya Oyunları Azərbaycanın idman tarixində xüsusi yer tutur. Məhz həmin Olimpiadada ölkəmiz ilk dəfə müstəqil dövlət kimi Olimpiya Oyunlarında iştirak edərək sonrakı illərdə qazanılan möhtəşəm uğurların təməlini qoyub.