İspaniyanın Baş naziri Pedro Sançes bu həftə Seutaya kütləvi sərhəd keçidi ilə bağlı bəzi üzv dövlətlərin reaksiyalarını “eqoist, ziddiyyət yaradan və qanunsuz” adlandırıb və Avropa İttifaqının daxili işlər nazirləri ilə təcili iclas keçirilməsini tələb edib.
“İki sahil” “TheGuardian”a istinadla xəbər verir ki, 48 mindən çox insan könüllü olaraq Mərakeşə qayıtsa da, bu kütləvi axın Madrid hökuməti üçün siyasi böhran yaradıb və bəzi digər Avropa İttifaqı ölkələrini İspaniyanın Şengen zonası üzvliyindən müvəqqəti kənarlaşdırılması tələb etməyə sövq edib.
Sançes Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Avropa Şurasının Prezidenti Antonio Koştaya və Aİ-yə sədrlik edən İrlandiyanın Baş naziri Mişel Martinə göndərdiyi məktubda sərt mövqe nümayiş etdirib. İspaniyanın Baş naziri bəzi Avropa İttifaqı hökumətlərinin Seutadakı hadisələrə verdiyi reaksiyadan dərin narahatlığını bildirib.
Sançes qeyd edib ki, əksər hökumətlər dəstək və həmrəylik göstərsə də, bəziləri İspaniyanı günahlandıraraq onun Şengen zonasından müvəqqəti kənarlaşdırılmasını tələb etməyə üstünlük verib.
İspaniya Baş naziri qərəz, saxta xəbərlər, cahillik və ya siyasi maraqlardan qaynaqlanan belə bir münasibətin Avropa qanunlarına, humanitar hüquqa və ölkələri birləşdirən həmrəylik prinsiplərinə zidd olduğunu deyib.