01 avqust 2026 18:27
96

İspaniya Seuta sahillərində miqrant axınının qarşısını almaq üçün dənizdə maneə inşa edir

İspaniya hökuməti ölkənin Şimali Afrikadakı Seuta bölgəsində qeyri-qanuni miqrant keçidlərinin qarşısını almaq məqsədilə sahil xəttində yeni təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlayıb.

“İki sahil” xəbər verir ki, hakimiyyət miqrantların ən çox istifadə etdiyi ərazilərdən olan Taraxal sahilində dənizdə 500 metr uzunluğunda üzən maneə quraşdırır. Maneə suyun səthindən 30-70 santimetr hündürlükdə, altında isə bir metr dərinliyədək inşa edilir. Qurğuya əlavə olaraq üzən nişanlar da yerləşdiriləcək. Bununla yanaşı, İspaniya Sahil Mühafizəsi və Milli Qvardiyanın patrul qayıqlarının hərəkətini təmin etmək üçün xüsusi keçid saxlanılacaq. İspaniya hökuməti tədbirin əsas məqsədinin dəniz yolu ilə qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq və sərhəd nəzarətini gücləndirmək olduğunu açıqlayıb.

Xatırladaq ki, son hadisələr zamanı on minlərlə miqrant Seuta bölgəsinə qanunsuz axın etsə də, onların böyük əksəriyyəti İspaniya hökumətinin çevik müdaxiləsi sayəsində geri qaytarılıb.

Seutadakı hadisələr Avropa İttifaqında da ciddi narahatlığa və narazılığa səbəb olub. İttifaqın 22 üzvü Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə və hazırda Aİ Şurasına sədrlik edən İrlandiyanın Baş naziri Mişel Martinə ünvanlandığı məktubda daxili işlər nazirlərinin təcili iclasının keçirilməsini tələb edərək xarici sərhədlərin qorunması və İspaniyaya əlavə dəstək göstərilməsi çağırışı ilə çıxış edib.

“Tagesschau” xəbər xidmətinin məlumatına əsasən, məktubu imzalayanlar arasında Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Ciorcia Meloni də var. İrlandiya, Fransa, Lüksemburq və Portuqaliya məktuba qoşulmayıb. Məktubda İspaniyanın işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq məqsədilə bir müddət əvvəl təxminən 500 min qeyri-qanuni miqrantın leqallaşdırılması prosesinə başlamasının arzuolunmaz siqnallar verdiyi qeyd olunub. Bildirilib ki, son günlər baş verən hadisələr Avropanın təxirəsalınmaz və əlaqələndirilmiş cavabını tələb edir.

İspaniyanın Baş naziri Pedro Sançez isə Madridə ünvanlanan tənqidlərə cavab olaraq bəzi üzv ölkələrin mövqeyini qərəzli və siyasi maraqlarla əsaslandırılan yanaşma kimi qiymətləndirib. O, “X” hesabındakı paylaşımında ölkənin suverenliyinin qorunmasının və miqrasiya məsələsində Avropa səviyyəsində həmrəylik nümayiş etdirilməsinin vacibliyini bildirib. Baş nazir, həmçinin “Frontex”in 2021-2026-cı illər üzrə statistikasını təqdim edərək, bu dövrdə İspaniya marşrutu üzrə qanunsuz girişlərin sayının 235 minə yaxın olduğunu, İtaliya (478,6 min), Qərbi Balkan (340,6 min), Yunanıstan (260 minə yaxın) marşrutlarından isə daha çox qanunsuz girişlərin qeydə alındığını açıqlayıb.