04 avqust 2026 12:00
135

Nuş olsun, zəhərə dönməsin: Yayda qida zəhərlənməsindən necə qorunaq?

Yay aylarında havanın temperaturunun yüksəlməsi qida təhlükəsizliyi ilə bağlı riskləri də artırır. İsti hava bakteriya, virus və parazitlərin daha sürətlə çoxalmasına şərait yaradır. Soyuq şəraitdə saxlanılmayan, kifayət qədər bişirilməyən və uzun müddət açıqda qalan qidaların qəbulu bağırsaq infeksiyaları və qida zəhərlənmələri ilə nəticələnə bilər.

Türkiyənin Ankara Bilkent Şəhər Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin mütəxəssisi, professor Adalet Altunsoyun sözlərinə görə, hətta bişmiş qidalar belə isti havada bir neçə saat açıqda qaldıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühitə çevrilə bilər. Mütəxəssis bildirir ki, xüsusilə soyuq zəncirə əməl olunmayan, uyğun temperaturda saxlanılmayan, kifayət qədər bişirilməyən və uzun müddət otaq temperaturunda qalan qidalar bağırsaq infeksiyası riskini yüksəldir: “Bağırsaq infeksiyaları və qida zəhərlənmələrinin əsas əlamətləri arasında ishal, qusma və qarın ağrısı yer alır. Bu hallar zamanı orqanizm yalnız maye deyil, natrium, kalium və bikarbonat kimi elektrolitləri də itirə bilər. Xüsusilə uşaqlar, yaşlılar, böyrək, şəkərli diabet və ürək-damar xəstəlikləri olan şəxslər maye və elektrolit itkisinə daha həssasdırlar.

Qeyd edək ki, ishal zamanı kifayət qədər maye qəbul edilməsinə baxmayaraq gözlərin çökməsi, dilin quruması, güclü halsızlıq və huşun itməsi müşahidə olunarsa, tibbi yardım almaq lazımdır. Həmçinin yüksək hərarət 2-3 gündən artıq davam etdikdə, qanlı ishal və ya şiddətli qusma olduqda həkimə müraciət gecikdirilməməlidir.”

Qida zəhərlənməsi ilə bağırsaq infeksiyasını necə fərqləndirmək olar?

Mütəxəssisin sözlərinə görə, qida zəhərlənməsi və bağırsaq infeksiyalarının əlamətləri bir-birinə bənzəyə bilər. Bağırsaq infeksiyalarında qarın ağrısı və ishal daha çox ön plana çıxır. Qida zəhərlənməsində isə şübhəli qidanın qəbulundan sonra əvvəlcə qusma, daha sonra isə ishal müşahidə oluna bilər: “Bu hallarda antibiotiklərdən özbaşına istifadə etmək də düzgün deyil. Antibiotiklər bağırsaq mikroflorasını poza, ishalın müddətini uzada və antibiotiklərə davamlılığın yaranmasına səbəb ola bilər. Müalicədə əsas məqsədlərdən biri itirilmiş maye və elektrolitlərin bərpa olunmasıdır. Xüsusilə kiçik uşaqlarda ishal zamanı qazlı içkilər və meyvə şirələrinin verilməsi də tövsiyə edilmir. Bu içkilər ishalın daha uzun davam etməsinə səbəb ola bilər.”

Mətbəxdə gigiyena qaydaları necə qorunmalıdır?

Qida infeksiyalarının qarşısını almaq üçün yalnız məhsulların saxlanma şəraitinə deyil, onların hazırlanmasına da diqqət yetirmək vacibdir.

Mütəxəssis ət və ət məhsullarının, eləcə də süd məhsullarının kifayət qədər bişirilməsini, hazır yeməklərin uzun müddət otaq temperaturunda saxlanılmamasını tövsiyə edir. Çiy ət və tərəvəzlər üçün ayrı doğrama lövhələrindən istifadə olunması da çarpaz çirklənmə riskini azaldır. Meyvə və tərəvəzlər isə istehlakdan əvvəl yaxşı yuyulmalıdır: “Nəzərə almaq lazımdır ki, əl gigiyenası da infeksiyalardan qorunmanın əsas şərtlərindən biridir. Yemək hazırlamadan və yeməkdən əvvəl, tualetdən istifadə etdikdən sonra, həmçinin körpənin bezini dəyişdirdikdən sonra əllər ən azı 20 saniyə sabun və su ilə yuyulmalıdır.”

Hovuz suyunu udmaq da risk yaradır

Yay aylarında hovuzlardan istifadə zamanı da gigiyena qaydalarına əməl etmək vacibdir. Uşaqlara hovuz suyunu udmamağın vacibliyi izah edilməlidir. İshal olan körpələrin və uşaqların isə hovuza buraxılmaması tövsiyə olunur. Bu, həm onların vəziyyətinin ağırlaşmasının qarşısını almaq, həm də infeksiyanın digər insanlara yayılma riskini azaltmaq baxımından əhəmiyyətlidir.

Beləliklə, isti havalarda qidanın hazırlanması, saxlanması və istehlakı zamanı edilən kiçik səhlənkarlıq belə bağırsaq infeksiyası və qida zəhərlənməsi riskini artıra bilər. Xüsusilə yay aylarında qidaların açıqda saxlanılmaması, soyuq zəncirin qorunması və şəxsi gigiyena qaydalarına əməl edilməsi risklərin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər.

Şahnigar Əhmədova, “İki sahil”