04 avqust 2026 12:29
119

Seutaya kütləvi miqrant axını sosial şəbəkələrdəki paylaşımlar səbəbindən baş verib

İspaniyanın Seuta anklavına kütləvi miqrant axını sosial şəbəkələrdə yayılan paylaşımlar tərəfindən təhrik edilib.

“İki sahil” xəbər verir ki, bu barədə «Associated Press» agentliyi məlumat verib.

"Hər şey «Instagram»da İspaniyanın Mərakeşlə sərhədinin açıq olduğunu iddia edən postlarla başladı. Daha sonra «Facebook» istifadəçiləri sahil mühafizəsinin patrullarını izləməyə başladılar, «TikTok»da isə haradan və necə üzmək lazım olduğunu göstərən videolar peyda oldu", — deyə məqalədə bildirilir.

Agentliyin məlumatına görə, bu paylaşımlar böyük sayda bəyənmə və rəylər toplayıb, onları görən mərakeşlilər isə Avropanın artıq əlçatan olduğu qənaətinə gəliblər.

Məqalədə vurğulanır ki, miqrantlar İspaniyadakı miqrasiya qanunvericiliyi islahatını da yanlış başa düşüblər. İspaniyanın Baş naziri Pedro Sançesin miqrasiyanı leqallaşdırmaq istiqamətindəki son addımları yalnız 1 yanvara qədər artıq İspaniyada məskunlaşmış şəxslərə şamil edilirdi. Bu şəxslərin mütləq əksəriyyəti ölkəyə qanuni yolla daxil olmuş, lakin vizalarının müddəti bitmiş Latın Amerikası mənşəli miqrantlar idi.

Mərakeşdəki bəzi insanlar bu siyasəti yanlış şərh edərək İspaniyaya çata biləcəkləri təqdirdə orada qalmalarına icazə veriləcəyini düşünüblər. Bu yanlış təsəvvür də internetdə sürətlə yayılıb.