04 avqust 2026 16:22
87

ABŞ və İran arasında Hörmüz boğazı üzrə saziş sabah imzalana bilər

ABŞ Maliyyə naziri Skott Bessent bəyan edib ki, Hörmüz boğazında gəmiçiliyin bərpasına dair ABŞ və İran arasında saziş artıq avqustun 5-i və ya 6-da bağlana bilər.

“İki sahil” xəbər verir ki, o, bu barədə "CNBC" telekanalının efirində deyib.

"Biz iranlılarla danışıqlar aparırıq və bu gün və ya sabah boğazı açmaq, eləcə də bu münaqişədə daha normallaşmış mövqeyə doğru irəliləmək üçün saziş bağlamaq ehtimalımız var", — deyə nazir bildirib.

Bessent dəqiqləşdirib ki, ehtimal olunan razılaşma boğaz vasitəsilə ticarət gəmilərinin sərbəst hərəkətini nəzərdə tutacaq.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan etmişdi ki, ABŞ və İran hələlik birbaşa danışıqlar planlaşdırmır və təmasları vasitəçilər üzərindən həyata keçirirlər.

Eyni zamanda ABŞ Prezidenti Donald Tramp Tehranın Vaşinqtonla saziş bağlamaq üçün «son şansı» qaldığını bildirmişdi. Onun sözlərinə görə, İranla olacaq müqavilənin ilk mərhələsi kimi Hörmüz boğazının tam açılması avqustun 4-dən etibarən təmin edilməli idi.