“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini mərhələli şəkildə uzadır.
“İki sahil” xəbər verir ki, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Növbəti mərhələlərdə satış pəncərəsi tədricən genişləndirilərək 90 günə çatdırılacaq.
Qeyd olunub ki, bu yenilik sərnişinlərə səfərlərini daha erkən planlaşdırmağa, xüsusilə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı hazırlıqlarını daha rahat həyata keçirməyə imkan verəcək.
Eyni zamanda, bilet satış müddətinin uzadılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul edilməsinə şərait yaradacaq.
Bununla yanaşı, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin təşkili istiqamətində işlərin davam etdirildiyini də açıqlayıb. Bildirilib ki, əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıq işlərini başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat tədbirləri həyata keçirilir.
ADY qeyd edib ki, görülən tədbirlər beynəlxalq marşrut üzrə sərnişinlərə daha rahat və əlçatan xidmət göstərilməsinə, eləcə də artan sərnişin axınının səmərəli idarə olunmasına xidmət edir.