06 avqust 2026 14:53
94

Avropa Komissiyası xəbərdarlıq edib

Avqustun 12-də baş verəcək günəş tutulması Avropa İttifaqında günəş enerjisi istehsalına ciddi təsir göstərəcək. Avropa Komissiyası bu təsirləri minimuma endirmək üçün fəal hazırlıq işləri görür.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə bildirib.

"12 avqust günəş tutulması Aİ-də elektrik enerjisi istehsalına kəskin təsir edəcək. Bu səbəbdən elektrik şəbəkələri operatorlarının koordinasiya şəbəkəsi (ENTSO-E) çərçivəsində xüsusi işçi qrup yaradılıb. Cümə günü tutulmanın mümkün ssenarilərinin nəzərdən keçiriləcəyi xüsusi görüş keçiriləcək", - deyə o qeyd edib.

Söhbət yalnız Aİ-nin iri günəş elektrik stansiyalarında deyil, həm də ümumi şəbəkəyə qoşulmuş fərdi günəş panellərində elektrik enerjisi istehsalının eyni vaxtda kəskin düşməsindən gedir.

Tutulma zamanı yaranacaq kəsiri aradan qaldırmaq və elektrik sisteminin sabitliyini saxlamaq üçün böyük həcmdə alternativ generator gücləri təxirəsalınmadan işə salınmalıdır.