06 avqust 2026 15:15
99

Qazaxıstan feyk xəbərlə bağlı xəbərdarlıq edib

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi süni intellekt (Sİ) vasitəsilə yaradılmış və respublikanı miqrasiya qaydalarını sərtləşdirməkdə ittiham edən dipfeyk təsvirli videoçarxların yayıldığı barədə xəbərdarlıq edib.

Mərkəzin məlumatına görə, bu tür videoların yayılmasında əsas məqsəd Qazaxıstanı və qonşu ölkələri diskreditasiya etməkdir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"JAQ.OrtCom xaricdə tanınan sənətçilərin, idmançıların və digər məşhur şəxslərin təsvir və səslərindən istifadə olunaraq hazırlanan növbəti dipfeyk dalğasını qeydə alır. Bu roliklərdə onların adından Qazaxıstanın guya miqrasiya rejimini sərtləşdirməsi ilə bağlı yalan bəyanatlar səsləndirilir və həqiqətlə heç bir əlaqəsi olmayan informasiya manipulyasiyası üsullarından istifadə olunur", — deyə açıqlamada bildirilir.

Qurum vurğulayır ki, bu cür informasiya hücumlarının əsas məqsədi Qazaxıstan və qonşu dövlətlər haqqında süni şəkildə mənfi rəy formalaşdırmaq və sosial şəbəkə istifadəçilərini bu məzmunun yayılmasına cəlb etməkdir. Mərkəz vətəndaşları təmkinli olmağa və məlumatları yoxlamağa çağırıb.