06 avqust 2026 15:44
85

Seul Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalarından niyə narazıdır?

Cənubi Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyinin ticarət danışıqları üzrə rəhbəri Yo Han Qu britaniyalı həmkarına Rusiyanın durulaşdırılmış təbii qazının  ixracına qarşı tətbiq edilən sanksiyaların ölkəsinin energetika təhlükəsizliyini sarsıda biləcəyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Cənubi Koreya Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, avqustun 6-da Yo Han Qu Böyük Britaniyanın yeni təyin olunmuş dövlət ticarət naziri Anas Sarvar ilə telefon danışığı aparıb.

"Bu danışıq zamanı bizim tərəf Rusiyanın durulaşdırılmış təbii qazına müvafiq olaraq sığorta və dəniz daşımaları kimi xidmətlərə Böyük Britaniyada tətbiq edilən tam qadağa fonunda mövcud müqavilələr üzrə Koreya Respublikasına DTQ tədarükünün sabitliyi və energetika təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib", — deyə Seulun rəsmi bəyanatında bildirilir.

Sözügedən məhdudiyyətlərin 2027-ci ilin yanvarından qüvvəyə minəcəyi gözlənilir.

Koreya tərəfi diqqətə çatdırıb ki, Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edərkən Cənubi Koreya üçün istisna tətbiq edib. Yo Han Qu sanksiyaların tətbiqi zamanı Britaniyanın Koreya şirkətlərinin çətinliklərini və qlobal enerji bazarındakı sabitliyi tam nəzərə alması üçün iki ölkə arasında sıx əlaqələrin saxlanılmasını təklif edib.

"Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Sənaye Nazirliyi Britaniyanın daşımaların sığortalanmasına qoyduğu qadağanın ölkəyə enerji daşıyıcılarının tədarükünü poza biləcəyi barədə xəbərdarlıq edib.