Pakistanın təhlükəsizlik qüvvələri həbsdə olan keçmiş baş nazir İmran Xanın azad olunması tələbi ilə keçirilən kütləvi nümayişləri dağıdarkən onun 100-dən çox tərəfdarını həbs edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müxalifətdə olan «Ədalət Hərəkatı» (PTI) partiyasının çağırışı ilə İmran Xanın azadlıqdan məhrum edilməsinin üç illiyi münasibətilə İslam respublikasının iri şəhərlərində minlərlə insanın iştirakı ilə nümayiş və yürüşlər keçirilib.
Müxalifət fəallarını dağıdarkən polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib. Lahor, Mianvali və Ravalpindi şəhərlərində nümayişçilərlə hüquq-mühafizə əməkdaşları arasında baş verən toqquşmalarda aksiyanı işıqlandıran jurnalistlər də daxil olmaqla çoxlu sayda yaralanan var.
73 yaşlı İmran Xan 2023-cü il avqustun 5-dən etibarən həbsdə saxlanılır. Pakistan məhkəmələri siyasətçini dövlət sirrini yaymaq ittihamı ilə 10 il, korrupsiya işi üzrə isə 14 il azadlıqdan məhrum etmə cəzasına məkum edib.