07 avqust 2026 10:08
102

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

2026-cı ilin yanvar-iyul ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 700 min 598 bilet əldə edilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.

Bu ilin 7 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42 faizə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 27,4 faiz olub.

2025-ci ilin yanvar-iyul ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 35% idisə, cari ilin müvafiq dövründə bu göstərici 48 faizə yüksəlib.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.