07 avqust 2026 12:26
94

Almaniya sənayesi niyə ABŞ-A "KÖÇÜR"?

"Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alis Vaydel bildirib ki, Almaniya sənayesi ölkədə mövcud olan şəraitdən əziyyət çəkir və istehsalı ABŞ-a köçürür.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Daimler Truck" şirkəti mənfəətinin 48% azaldığını açıqlayıb. Buna baxmayaraq, ABŞ-da yeni zavodun açılması planlaşdırılır. Almaniya sənayesi ölkədəki şəraitdən əziyyət çəkir və buradan qaçır", – deyə Vaydel yazıb.

O, həmçinin iddia edib ki, AfD hakimiyyətə gələcəyi təqdirdə ölkənin iqtisadi siyasətində köklü dəyişikliklər edəcək.

Bundan əvvəl Almaniyanın kommersiya avtomobilləri istehsalçısı "Daimler Truck" şirkətinin 2026-cı ilin ikinci rübündə mənfəətinin 48% azalaraq 128 milyon avroya düşdüyünü bildirmişdi. Ötən ilin müvafiq rübündə konsernin xalis mənfəəti 245 milyon avro təşkil etmişdi. Gəlirliliyə mənfi təsir göstərməkdə davam edən amillərdən biri gömrük rüsumları olub.

Almaniyanın avtomobil sənayesi son illərdə böhran yaşayır. Bu böhran əvvəlcə COVID-19 pandemiyası səbəbindən yaranmış, lakin 2022-ci ildən etibarən enerji daşıyıcılarının qiymətlərinin kəskin artması, həmçinin Çin avtomobil istehsalçılarının artan rəqabəti fonunda daha da güclənmişdir. ABŞ rüsumları və Yaxın Şərqdəki böhranın nəticələri isə əlavə mənfi faktorlara çevrilmişdir.