07 avqust 2026 23:39
87

Fransada yenidən anomal istilər gözlənilir

Yaxın günlərdə Fransanı 2026-cı ilin yay mövsümündə sayca beşinci anomal istilik dalğası bürüyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə BFMTV telekanalı hava proqnozlarına istinadən məlumat yayıb.

Bildirilib ki, ölkənin bəzi bölgələrində, xüsusilə respublikanın cənubunda havanın temperaturu ən azı 40 dərəcəyədək yüksələcək.

Temperatur avqustun 11-i, çərşənbə axşamı günündən etibarən artmağa başlayacaq. Avqustun 12-dən etibarən Bretan, La-Manş sahillərinin bir hissəsi (qərb) və Akvitaniyanın cənubu (cənub-qərb) istisna olmaqla, demək olar ki, bütün ölkə ərazisində havanın temperaturu 30 dərəcəni ötəcək.

Avqustun 13-də Fransanın şərq bölgələrində temperaturun 40 dərəcəyədək yüksələcəyi gözlənilir. Fransa Milli Meteorologiya Xidməti Parisdə 32, Lionda 35, Tuluzada 36, Montelimarda (cənub-şərq) isə 39 dərəcəyədək isti olacağını proqnozlaşdırır.

İstilərin avqustun 15-dək davam edəcəyi proqnozlaşdırılır.