Almaniya hökuməti Leypsiq-Halle hava limanında partlayıcı maddələr daşıyan pilotsuz uçuş aparatının aşkarlanmasından sonra dron təhlükəsizliyi sahəsində tədqiqatları genişləndirməyi planlaşdırır. Bu məqsədlə kritik infrastruktur obyektlərində dron təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə yeni tədqiqat mərkəzinin yaradılması nəzərdə tutulur.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, daxili işlər naziri Aleksander Dobrindt avqustun 18-də Saksoniya-Anhalt əyalətinin Koxstedt şəhərində yerləşən Almaniya Aerokosmik Mərkəzinin (DLR) sınaq aerodromunda dron təhlükəsizliyi üzrə texnologiya mərkəzinin yaradılacağını bildirib. Nazir qeyd edib ki, burada dron təhlükəsizliyi sahəsində innovativ texnologiyalar real şəraitə yaxın laboratoriyalarda araşdırılacaq, hazırlanacaq və sınaqdan keçiriləcək.
Qeyd edək ki, Leypsiq-Halle hava limanında partlayıcı maddə və detonatorla təchiz edilmiş dronun aşkarlanması Almaniyada ciddi narahatlıq yaradıb. Hadisə ilə bağlı hərtərəfli araşdırma aparılır. A.Dobrindt Almaniyanın hibrid müharibənin hədəfi olduğunu vurğulayaraq, casusluq, təxribat, kiberhücumlar və gizli əməliyyatların ölkənin sabitliyinə təhdid yaratdığını qeyd edib.