10 avqust 2026 10:52
106

Paytaxtda axşam konsertləri keçirilir

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. Şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiqi dolu axşamlara ev sahibliyi edib.

Sözügedən parklar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları hər yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar bu məkanlarda oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.

Konsert proqramları Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında və Nizami rayonundakı Heydər Əliyev və digər parklarda keçirilib.

Peşəkar və gənc ifaçıların bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.

İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla  qarşılanıb.Yay axşamlarına xüsusi rəng qatan bu musiqi proqramlarının repertuarı hər həftə yenilənəcək və konsertlərin yay mövsümü boyunca hər şənbə günü davam etdirilməsi nəzərdə tutulur.