10 avqust 2026 19:34
123

Hindistanda islamafobiya pik həddə: Qətllər, həbslər və sistemli təzyiqlər

Beynəlxalq təkilatlar hesabatlarında hökuməti dərhal dini nifrət cinayətlərini araşdırmağa, insan hüquqları müdafiəçilərinə qarşı əsassız həbslərə son qoymağa və konstitusiyada təsbit olunmuş prinsipləri qorumağa çağırıb

Hindistanda son illərdə artan dini gərginlik və islamafobiya meylləri həm daxili müstəvidə, həm də beynəlxalq insan hüquqları təşkilatlarının diqqət mərkəzindədir. Dünyada ən çox əhali sayına malik olan bu ölkədə 200 milyondan çox müsəlman azlığı yaşayır. Lakin ideoloji dəyişikliklər, hüquqi mexanizmlərin istismarı və sosial şəbəkələrdə alovlandırılan nifrət nitqi müsəlman icmasına qarşı fiziki zorakılıq, həbslər və mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunur.

Siyasi və ideoloji arxa plan

İslamafobiyanın institusionallaşması prosesi, əsasən, Hindutva (hindu millətçiliyi) ideologiyasının siyasi müstəvidə güclənməsi ilə əlaqələndirilir. İqtidarda olan Bharatiya Janata Partiyası (BJP) və onun ideoloji dayağı sayılan Rashtriya Swayamsevak Sangh (RSS) hərəkatının təsiri altında hind mənsubiyyəti ilə dövlət kimliyi eyniləşdirilir. Bu yanaşma çərçivəsində ölkənin dini azlıqları, xüsusən də müsəlmanlar kənar ünsür və ya tarixi "təhdid" kimi qələmə verilir. Müsəlmanlara qarşı fiziki zorakılıq halları müxtəlif formalarda təzahür edir. Məsələn, "inək mühafizəçiləri" (Gau Rakshak) zorakılığı. Məlumdur ki, hinduzmdə inəyin müqəddəs sayılmasından istifadə edən radikal qruplar mal əti daşımaqda, satmaqda və ya kəsməkdə şübhəli bildikləri müsəlmanlara hücumlar təşkil edirlər. Çoxlu sayda müsəlman bu cür hücumlar nəticəsində həyatını itirmişdir. “Love Jihad” İttihamları: Dinlərarası nikahların qarşısını almaq məqsədilə irəli sürülən bu konspirasiya nəzəriyyəsinə görə, müsəlman kişilər hindu qadınları dini dəyişdirməyə məcbur edirlər. Bu ittihamlar əsasında bir çox gənc fiziki hücumlara və qanunsuz saxlama hallarına məruz qalır. Belə ki, Vətəndaşlığa Düzəliş Aktı (CAA) və Milli Vətəndaşlar Reyestri (NRC) əleyhinə etiraz edən tələbələr, fəallar və jurnalistlər terrorla mübarizə qanunvericiliyi çərçivəsində həbs olunurlar. Bu qanun məhkəməyə qədər həbs müddətini uzatmağa və girovla azadlığa çıxmağı son dərəcə çətinləşdirməyə imkan verir.

Nümayişlər və ya dini bayramlar zamanı baş verən toqquşmalarda müsəlman məhəllələri, məscidlər və ticarət obyektləri hədəf alınır. İctimai etirazlarda və ya dini toqquşmalarda təqsirləndirilən müsəlmanların evləri və obyektləri məhkəmə qərarı olmadan, "qanunsuz tikili" bəhanəsilə yerli hakimiyyət orqanları tərəfindən sökülür. Bu təcrübə kollektiv cəzalandırma üsulu kimi qiymətləndirilir. Siyasətçilərin açıq nifrət nitqlərinə qarşı hüquqi tədbirlərin görülməməsi, əvəzində hücumlara etiraz edən müsəlman fəalların dərhal həbs edilməsi hüquq sistemindəki ikili standartları göstərir.

Beynəlxalq reaksiyalar və hesabatlar

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı, ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyası (USCIRF), Amnesty International və Human Rights Watch kimi qurumlar dəfələlərlə Hindistanda dini azlıqların vəziyyəti ilə bağlı xəbərdarlıqlar yayımlamışdır. Hesabatlarda Hindistan hökuməti dini nifrət cinayətlərini araşdırmağa, insan hüquqları müdafiəçilərinə qarşı əsassız həbslərə son qoymağa və konstitusiyada təsbit olunmuş prinsipləri qorumağa çağırılır. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da müsəlman azlığa qarşı artan zorakılıq və ayrı-seçkilik hallarını rəsmi bəyanatlarla pisləmişdir.

Cənubi Asiya Ədalət Kampaniyasının yeni hesabatında 2026-cı ilin əvvəlindən bəri Hindistanda ən azı 44 müsəlmanın öldürüldüyü bildirilir. Britaniyanın Shia Waves agentliyinin yaydığı məlumata görə, rəqəmlər Hindistanın müsəlman azlığına həm dövlət orqanları, həm də hindu ekstremist qrupları tərəfindən artan təzyiqi göstərir. Hesabata görə, ilin əvvəlindən bəri ölkə daxilində ən azı 44 müsəlman öldürülüb, bunlardan 19-u əsasən polis və təhlükəsizlik qüvvələri tərəfindən törədilib, 25-i isə hindu ekstremistlərinin dini motivli hücumlarının nəticəsi olub. Hesabat daimi təzyiq altında olan bir icma üçün həyatın mürəkkəb mənzərəsini təsvir edir. Təkcə may və iyul ayları arasında 11 yaşlı qız və 16 yaşlı oğlan da daxil olmaqla 25 ölüm hadisəsi qeydə alınıb. Fiziki zorakılıqdan əlavə, hesabat müəlliflərinin dövlət tərəfindən maliyyələşdirilən məcburi tədbirlərin "tam arsenalını" vurğulayır. Bunlara kütləvi həbslər, həbsdə ölüm halları və müsəlman evlərinin, müəssisələrinin və dini binalarının geniş şəkildə sökülməsi daxildir. Məlumatlara görə, yanvar ayından bəri 3000-dən çox belə tikili sökülüb. Hakimiyyət orqanları tez-tez söküntüləri qanunsuz tikinti və ya cinayətkar şübhəlilərinə qarşı basqı kimi əsaslandırsalar da, tənqidçilər bu təcrübənin qanuni prosesi aşdığını və ayrıseçkilik formasında tətbiq olunduğunu iddia edirlər.

Hindistanın idarə etdiyi Kəşmirdə təhlükəsizlik qüvvələri iyul ayında yaraqlıların hücumundan sonra 48 saat ərzində 2500-dən çox insanı saxlayıb. Bu arada, Qərbi Benqalda BJP-nin (Bharatiya Janata Partiyası) seçkilərdə qələbəsindən sonra dəyişən siyasi mənzərə gərginliyin artmasına səbəb olub. Hesabatda məscidlərə yönəlmiş hücumlar və mübahisəli hökumət tədbirləri, o cümlədən sosial yardım ödənişlərinin azaldılması, mədrəsələrə nəzarət və icma üzvlərinin aşağı təbəqə yerləri üçün rezervasiya siyahılarından çıxarılması sənədləşdirilib. Hesabatda həmçinin yeni Vahid Mülki Məcəllələrin və milli simvollara qarşı təhqir iddialarını cəzalandıran qanunların qəbul edilməsi də daxil olmaqla, hüquqi çərçivənin genişləndirilməsi qeyd olunur. Tənqidçilər bu tədbirlərin şəxsi hüquqlar qanunlarını və azlıqların mövcud müdafiəsini pozduğunu iddia edirlər. Sənəddə həmçinin sistemli cəzasızlıq problemi vurğulanır, işlərin həllində uzun gecikmələr və yeni araşdırmalarda hesabatlılığın olmaması qeyd olunur. Hindistan hökuməti öz növbəsində ayrı-seçkilik iddialarını davamlı olaraq rədd edir və bildirir ki, fəaliyyət yalnız təhlükəsizlik problemlərini həll etməyə və qanunsuz fəaliyyətin qarşısını almağa yönəlib.  Göründüyü kimi, Hindistanda artan islamafobiya təkcə dini azlığın təhlükəsizliyini deyil, həm də ölkənin konstitusiya quruluşunu və regiondakı geopolitik sabitliyi təhdid edən başlıca amillərdən birinə çevrilib.

Sevinc Azadi, “İki sahil”