Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə manatla aparılan əməliyyatların iyulun 1-nə olan göstəriciləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülleten əsasında apardığı hesablamalaraq görə, cari il iyulun 1-nə BKM vasitəsilə ümumi məbləği 3,018 milyard manat olan 81,099 milyon ödəniş əməliyyatı həyata keçirilib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 7,083 milyon və ya 9,6 faiz artıb, məbləğ isə 496 milyon manat və ya 14,1 faiz azalıb.
Bankın məlumatına görə, ötən ilin iyun ayında Azərbaycanda BKM vasitəsilə ümumi məbləği 3,514 milyard manat olan 74,016 milyon ödəniş əməliyyatı həyata keçirilib.
Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə infrastrukturudur.
Qeyd edək ki, bankın məlumatına görə, iyunun sonuna bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyona çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.
Bundan əlavə, qeyd olunur ki, debet kartlarının sayı 12 faiz artdığı halda, kredit kartlarının sayı 3,5 faiz azalıb.
AMB-nin məlumatında deyilir:
"Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 10.4% artaraq 22 milyon 798 min ədəd təşkil edib. Ödəniş kartlarında debet kartlarının
sayı 12% artmış, kredit kartlarının sayı isə 3.5% azalıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.5% artıb. 2026-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,902 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,575 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,325 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8-ni təşkil edib".