Vətən müharibəsində 44 günə düşməni darmadağın edən ordumuzun əsgər və zabitləri Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya göstərdi. 1997-ci ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olan Natiq Sahib oğlu Məmmədov da bu şanlı tarixi yazanların önündə gedib. Canını Vətənə fəda edən Natiq bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevirməklə ölməzliyə qovuşub. Qərinələr ötəcək şərəfli ömür yolu gələcək nəsillər üçün də örnək olacaqdır. Torpağı qanı bahasına Vətən edib müqəddəsləşdirən oğullar heç vaxt ölmürlər.
Natiq Məmmədov orta məktəbi başa vuranda Vətənə əsgər olub onun keşiyində durmağı bütün arzuların zirvəsi sayıb. Odur ki, yaşıdları kimi onu ordu sıralarına çağırılanda sevinc hissi keçirdib. Bir də məktəb illərində bu günü böyük intizarla gözləyib. Axı, canından artıq sevdiyi yurdunun bir parçası yağı basqınına məruz qalmışdı. Belə bir gündə Vətənin keşiyində durmaq, onu erməni dığalardan qorumaq üçün qeyrətli, cəsur oğlanlar lazım idi.
Bəli, Natiq Məmmədov cəbhə bölgəsində əlində silah, hər qarış torpağına bağlandığı doğma Azərbaycana layiqli əsgər olaraq komandirlərin tapşırıqlarını qüsursuz yerinə yetirib. Nümunəvi xidməti, bilik və bacarığı, cəsarəti hərbi hissədə ona hamının rəğbət və hörmətini qazandırıb. Ən əsası əsgər Natiqin qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanıb. Odur ki, təlim-məşqlərdə fəal iştirak edərək hərbi bilikləri dərindən mənimsəyib.
Əsgərlik həyatı fədakarlıqla, mərdliklə, həmçinin qürur doğuran məqamlarla dolu olan, Vətəni, torpağı canından artıq sevən Natiq Məmmədovu gizirlik məktəbinə göndəriblər. Bununla da ömrünü tamam hərbiyə bağlamaqla gizir rütbəsində xidmətini yenidən davam edib, dığalardan qisas almaqdan ötrü məqam axtarıb. Azərbaycanın müqəddəs bir parçası olan Qarabağı yağıdan azad etmək, bu yolda son damla qanınadək vuruşmaq Natiqin əsas amalına dönüb.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən silaha sarılan, qələbə ovqatı ilə döyüşən Natiq Məmmədov Vətən təəssübünü çəkə-çəkə ən qaynar nöqtələrə can atıb. Müharibə meydanında yağıya qarşı ilk həmlədən seçilib. Cəsarətlə vuruşub, sarsıdıcı zərbələr vurmaqla dığalara ciddi itkilər verib. Nəticədə 30 il Qarabağı əsarətdə saxlayan düşmən Natiq kimi qeyrətli oğulların sayəsində məğlubiyyətin acısını dadmaqla tələm-tələsik mövqelərini tərk edib qaçmağa üz qoyub. İgid döyüşçü hər dəfə də düşmənlə üz-üzə gələndə yaşının çərçivəsinə sığmayan qəhrəmanlıq göstərib.
Neçə-neçə ölüm-dirim savaşlardan zəfərlə çıxan Natiq son nəfəsdə də yağıya qan qusdurub. Təəssüflər olsun ki, Xocavəndin azadlığı uğrunda gedən əməliyyatlarda növbəti döyüş tapşırığını yerinə yetirərkən yağı gülləsi ürəyinə dəyib. Onun şəhadətə qovuşduğu ulu torpağa daha bir qələbə bayrağımız sancılıb. Natiq Məmmədov könüllərə köçüb əbədilik qazanmaqla bərabər, həm də ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və digər medallara layiq görülüb.
Biləsuvar elinin qəhrəman oğlu Natiq Məmmədov ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma Vətən torpaqlarının mənfur erməni dığalardan təmizlənməsi uğrunda gedən döyüşlərdə canını fəda etməklə adını yeni, şanlı tariximizə yazıb. O, qısa, amma olduqca şərəfli, gələcək nəsillərə nümunə olacaq bir ömür yaşadı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü