![]() |
Vəli İlyasov |
“Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görülüb.”
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Trampa ünvanladığı məktubda xüsusi vurğulayıb. Orada ABŞ hökumətini maraqlandıran bir çox məsələlər yığcam və məzmunlu şəkildə işıqlandırılıb. Qeyd etmək lazımdır ki, bu sözlərin-həyata keçirilən işlərin arxasında reallıq durur. Ötən bir ildə görülən işlərə nəzər salmaq kifayət edər ki, əsl reallıq olduğu kimi görünsün. Prezident İlham Əliyevin ABŞ dövlət başçısına məktubunda həmin reallıqlar barədə müəyyən məlumatlar verilir.
Məktubda bu barədə deyilir: “Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən isə taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac olunmağa başladı. Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur, onu daha da möhkəmləndirmək və əməli fəaliyyətə çevirmək, qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün səylərimizi davam etdiririk.”
Məktubdakı bu sətirlərdən aydın görünür ki, Azərbaycan rəhbəri ölkələr arasında əmin-amanlıq və sülh tərəfdarıdır. Azərbaycan Prezidenti İlham Əliyevin addımları beynəlxalq ictimaiyyət tərəfindən bəyənilir və təqdir edilir. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan özünə və xalqına əminliklə bu fikirləri səsləndirə bilməz. Çünki “dördayaqlı” Ermənistanın hər ayağı ölkəni bir-birinə əks istiqamətə çəkir. Ona görə də bu ölkədə qarşıya qoyulan vəzifələr olduqca ləng həyata keçirilir. Qonşu ölkələrdən ərazi iddiası edən konstitusiyadan işğalı “qanuniləşdirən”ən maddənin oradan çıxarılması, Azərbaycanın bir neçə kəndinin hələ də boşaldılmaması, sərhədlərin delimitasiyası və demarkasiyası və bir çox işlər bu qəbildəndir. 44 günlük müharibədə qalib gələn Azərbaycan intizamlı şəkildə atəşi dayandırsa da cəbhənin bəzi istiqamətlərində Ermənistanın terrorçu-işğalçıları məğlub olandan sonra da atəşi kəsmir, təxribatçılıqla məşğul olurdular. Yəni, sadə el dilində desək, orada hamı “çəkici bir zindana vurmur.” Bunu iki ay əvvəl keçən parlament seçkiləri ərəfəsində və seçkidən bir neçə gün sonra davam edən ictimai-siyasi gərginlik və hətta üsyana hazırlıq açıq göstərdi.
Ermənistanda xalq-hakimiyyət birliyi olmadığına görə qərarların icrası “acı bağırsaq” kimi uzanır, bu isə Nikol Paşinyanın baş nazir kimi imicinə mənfi təsir göstərir, bir çox ölkələr onunla işbirliyi qurulmasına ciddi yanaşmır və maraq göstərmirlər. Çünki ayrı-ayrı korporativ maraqlara qulluq edən özbaşına qruplar-daşnaklar, revanşistlər, kilsə tör-töküntüləri və müxalifət Nikol Paşinyanın müəyyən qədər əl-qolunu bağlayır, qəbul etdiyi qərarlarının icrasında ona ciddi əngəl törədirlər.
Hələ pozuculara xarici dəstəklərdən danışmırıq. Məsələn, Rusiyadakı erməni diasporunun rəhbəri Ara Ayvazyan adlı birisi az qala baş nazir Nikol Paşinyanı erməni xalqının düşməni adlandırır, ölkəsini əvvəlki vassal vəziyyətinə gətirmək üçün baş nazirin başı üzərindən imperiyanın bərpası üçün əlindən gələni edir, onun hakimiyyətdən uzaqlaşdırılması üçün hər vasitədən istifadə etməyə cəhd göstərir. Bütün bunları sadalamaqdan məqsəd Nikol Paşinyanın qərar qəbul edərkən icra vəziyyətinin nə qədər ağır olduğunu çatdırmaqdır.
Ermənistandan fərqli olaraq daim öz sözünün üstündə möhkəm dayanması, “sözümüz imzamızdır” prinsipinə tam uyğun hərəkət etməsi, qarşılıqlı əməkdaşlığa töhfə verməsi, etibarlı tərəfdaş kimi qəbul olunması beynəlxalq aləmdə Azərbaycan Liderinin parlaq obrazını yaradıb. Bu və digər səbəblərdən də hazırda ölkəmizlə iqtisadi əməkdaşlıq yolunu seçənlərin sayı artmaqdadır.
Bu gün Azərbaycan diplomatiyası onun “uzaqvuran artilleriya”sına çevrilib. Beynəlxalq aləmdə aparılan çevik siyasət və fəal diplomatiya artıq öz bəhrəsini verir, iqtisadi sahədə qələbələrin sayı sıralanır. Siyasi və diplomatik qələbələrin arxasında yüksək ağıl və uzaqgörənliklə bərabər həm də iqtisadi güc tələb olunur. Üstünlüyün və qələbənin rəhni sayılan bu vasitələrin hamısı Azərbaycanda var. Bunlardan da vacib sayılan dövlət başçımızın polad iradəsi, yüksək intellektual səviyyəsi, səriştəli idarəetmə keyfiyyəti və öz xalqına möhkəm arxalanması var.