KÖŞƏ

Vəli İlyasov

“Qartımış kəsəyənlər...”

18 avqust 2026 22:30
114

Uzun illər ölkəmizin müstəqilliyini qəbul etməyən, inkişafını gözü götürməyən qüvvələr sakitləşmək bilmirlər. Belə görünür ki, bədxah rəsmilərin deyə bilmədiklərini avantürist telejurnalistlərin, qəzet müxbirlərinin dili ilə deyirlər. Onların bəziləri ölkənin daxilində, bəziləri xaricində öz bədxah əməlləri ilə məşğuldurlar. Belə iyrənc davranışlar Azərbaycana qarşı çoxdan göstərilir. “Qartımış kəsəyənlər” dəstəsi dövlətimizin təməlini eşməkdən çəkinmirlər. Lakin hüquq-mühafizə orqanlarımız bu kimi cinayətkarlara qarşı mübarizədə sayıqlıq göstərirlər.

Bir müddət əvvəl Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin qızışdırılmasına,  terrorçuluğa açıq çağırışların edilməsinə dair faktlarla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verilir ki, istintaqla müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları- "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazevin, Rusiyada özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralovun, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin 14 iyul 2026-cı il tarixdə "YouTube" platformasında "Semyon Uralov" adlı kanalda yayımlanan "Çistota ponimaniə" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün pozulması, eləcə də milli-etnik nifrət və düşmənçiliyin yaradılmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib. Özlərini kriminal şəxslər kimi aparanların əməlləri cinayətkar aləmdən xəbər verir. Bəyəm Kreml rəhbərlərinin bu yaramaz ünsürlərin qan iyi gələn çıxışlarından xəbərləri yoxdur? Təbii ki, var, ancaq hegemonluq vərdişləri gözlərini qapayıb, tədbir görməyə imkan vermir. Bütöv bir dövləti təhdid edən digər iki nəfəri rəsmi şəxs kimi qəbul etməmək, fikirlərinə əhəmiyyət verməmək də olar. Ancaq Aleksey Çadayev nazirin müşaviri kimi mühüm post tutur, Yəni, o, təsadüfi fikir söyləyə bilməz, qısası, onun sözü dövlətin mövqeyi hesab olunur. Yəni icazəsiz bu cür məsuliyyətsiz çıxış edə, daha doğrusu, cinayətə sövqetməyə getməyə cəsarət edə bilməz. Deməli, hakimiyyətdə onu bu cinayətə təhrik edən yuxarı mənsəbli şəxslər var.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə qərarlar qəbul edilmiş, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

 Bu, işin bir tərəfidir. Təəccüblüsü odur ki, başqa dövlətin daxili işlərinə qarışmaq bunların nəyinə lazımdır? Nə haqla Azərbaycana qarşı belə iddialara düşüblər? İki yüz illik imperiya zülmü yetmirmi? Sərvətlərimizi daşıyıb aparmaqdan gözləri doymadımı? Görəsən özləri Rusiyanın konstitusiyasını zorakı üsullarla dəyişdirmək istəyənlərə necə münasibət göstərərlər?

Uralovlar, çadayevlər, knyazevlər unudurlar ki, dünya düzəni dəyişir. Xalqlar inkişaf edir, daha heç kəsin şovinizmə boyun əymək fikri yoxdur, o günlər keçib. İylənmiş ideyalar daha yayılmır.

Azərbaycan inkişaf etmiş ölkələr sırasına yüksəlib. Daxili və xarici siyasətini, taleyini özü müəyyən edir. SSRİ dağılandan cəmi otuz il sonra sürətli inkişaf yoluna çıxan Azərbaycan daha əvvəlki zəif dövlət olmayıb qısa müddətdə orta güc səviyyəsinə ucalıb. Ancaq gücünü zəiflərə göstərmək niyyətində deyil, güc yalnız özünü qorumaq üçündür. Əksinə, Azərbaycan bütün ölkələrlə qarşılıqlı əməkdaşlığa açıq olduğunu bəyan edir. Bununla bərabər, kimsənin işinə qarışmır və kimsəyə də izn vermir ki, onun işlərinə qarışsın. Bu, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqdır.  Uralovlar, çadayevlər, knyazevlər kimi “həşərat”lar bu inkişafın qarşısını ala bilməzlər. Başa düşməlidirlər ki, boş iddialara düşməkdənsə nəhayət, gec də olsa başqaları ilə qarşılıqlı əməkdaşlıq şəraitində, bərabər, dinc yaşamağı öyrənmək lazımdır. Cinayətkar planlarla daha heç nəyə nail olmaq mümkün deyil. Bunu müasir dünya düzəni tələb edir.