Azərbaycan Mərkəzi Bankı (AMB) Sinqapurda pul siyasəti üzrə beynəlxalq toplantıda təmsil olunub.
“İki sahil” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Sinqapurda 11-12 avqust 2026-cı il tarixlərində “Asiya və Sakit Okean Regionunda pul siyasəti mövqeyinin qiymətləndirilməsi” mövzusunda beynəlxalq toplantı keçirilib.
Tədbirdə Azərbaycanı Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov və Tədqiqatlar departamentinin aparıcı iqtisadçısı Elmir Muxtarov təmsil ediblər.
Azər Ələsgərov “Azərbaycanda pul siyasəti çərçivəsi” mövzusunda təqdimatla çıxış edərək son illər ölkədə pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndirilməsi istiqamətində görülən işlər və onların nəticələri barədə məlumat verib.
Elmir Muxtarov isə “Proqnozlaşdırma və monetar şəraitin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edərək Azərbaycan Mərkəzi Bankında tətbiq olunan proqnozlaşdırma metodları, analitik dərinliyin artırılması istiqamətində görülmüş işlər və monetar şəraitin qiymətləndirilməsi üsullarından bəhs edib.
Qeyd edək ki, AMB-nin pul siyasəti çərçivəsi və milli valyutanın gələcəyi ilə bağlı məsələlər son dövrlərdə qurumun gündəliyində əsas istiqamətlərdən biri olaraq qalır.
AMB-nin baş direktoru Rəşad Məmmədov Trend-ə müsahibəsində bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyi bir dövrdə Mərkəzi Bankın nağd pul siyasəti balanslı və davamlı yanaşma üzərində qurulur.
“Beynəlxalq təcrübə, xüsusilə Avropa Mərkəzi Bankının yanaşması göstərir ki, nağd pul maliyyə sisteminin ayrılmaz hissəsidir və onun rolu transformasiya olunsa da, əhəmiyyəti qalmaqdadır”, - deyə R.Məmmədov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın nağd pul sahəsində əsas prioritetləri arasında milli pul nişanlarının yenilənməsi, nağd pula əlçatanlığın qorunması, pul dövriyyəsinin optimallaşdırılması və ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi yer alır.
R.Məmmədov həmçinin yeni nəsil milli pul nişanlarının konsepsiyasının hazırlanması istiqamətində işlərin aparıldığını bildirib.
“Torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi ölkəmizin regionda və dünyada siyasi-iqtisadi səviyyədə yeni bir müstəviyə qədəm qoymasını şərtləndirib. Bu da öz növbəsində əsas dövlətçilik atributlarından olan milli pul nişanlarımızın yeni dövrə və çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib”, - deyə baş direktor qeyd edib.
O bildirib ki, AMB tərəfindən 2024-cü ildə yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyənləşdirmək məqsədilə ictimai sorğu keçirilib və növbəti mərhələdə pul nişanlarının dizaynlarının və təhlükəsizlik sistemlərinin hazırlanması üzrə işlərin başlanması nəzərdə tutulur.