13 avqust 2026 14:43
224

Naxçıvan: Davamlı inkişafın yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi praqmatik və çoxşaxəli siyasətdə ölkənin bütün regionlarının davamlı inkişafının təmin edilməsi prioritet istiqamətlərdən biridir. Bu baxımdan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Naxçıvana mütəmadi səfərləri bölgənin inkişafına, infrastrukturun yenilənməsinə və yeni layihələrin reallaşdırılmasına xüsusi diqqətin göstəricisidir.

Avqustun 11-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına növbəti səfərini həyata keçirdi. Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edildi, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanışlıq oldu və Naxçıvan Sənaye Parkının təməli qoyuldu.

Səfər zamanı nəqliyyat infrastrukturunun müasirləşdirilməsi də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev elektrik mühərrikli yeni avtobuslara baxdı, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış oldu. Həmçinin DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak etdi.

Müdafiə və təhlükəsizlik məsələləri də səfərin mühüm istiqamətlərindən biri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması mərasimində iştirak etdi.

Bununla yanaşı, Naxçıvanın şəhərsalma, turizm və sosial inkişafı istiqamətində mühüm layihələrə start verildi. “Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu, şəhərin 2044-cü ilədək inkişafına dair Baş Plan təqdim olundu. Prezident İlham Əliyev Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış oldu, “Əcəmi seyrangahı” istirahət kompleksində Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak etdi. Həmçinin 518 mənzildən ibarət sosial evlər kompleksinin təməli qoyuldu.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi. Dövlət başçımız müsahibəsində Naxçıvanın gələcək inkişaf modelindən Azərbaycanın regional təhlükəsizlik və enerji siyasətindən, eləcə də Zəngəzur dəhlizinin ölkənin geosiyasi strategiyasındakı yerindən bəhs etdi.  Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın ayrılmaz ərazi hissəsi Naxçıvan, həm də ölkənin enerji, nəqliyyat, müdafiə, sənaye və mədəniyyət siyasətinin mühüm strateji dayaqlarından biridir.

Cənab Prezidentin müsahibəsində Naxçıvanın bundan sonra da sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyinin vurğulanması artıq görülmüş işlərin yeni mərhələdə daha geniş miqyasda davam etdiriləcəyinə işarədir.

Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənaye parkının yaradılması yeni istehsal müəssisələrinin formalaşmasına, investisiyaların cəlbinə, məşğulluğun artırılmasına və regionun iqtisadi strukturunun şaxələndirilməsinə imkan verəcək.

Naxçıvanın coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Dövlət başçımızın müsahibəsində vurğuladığı kimi Əlahiddə Ordunun yaradılması və Naxçıvanda hərbi potensialın davamlı şəkildə gücləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir.

Müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsi siyasətinin Naxçıvan istiqamətində də ardıcıl həyata keçirildiyini göstərir.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, təhlükəsizlik və iqtisadi inkişaf bir-birindən ayrı proseslər kimi deyil, vahid strateji modelin tərkib hissələri kimi nəzərdən keçirilir. Dayanıqlı iqtisadi inkişaf üçün təhlükəsizliyin təmin olunması fundamental şərtdir.

Cənab Prezidentin “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri isə Azərbaycanın hərbi potensialının regional təhlükəsizlik sistemində oynadığı rolun siyasi ifadəsidir.

Səfər zamanı təməli qoyulan 300 meqavat gücündə istilik elektrik stansiyası Naxçıvanın enerji siyasətində mühüm dönüş nöqtələrindən birdir. Naxçıvanın mövcud generasiya gücünün təqribən 200 meqavat olduğu nəzərə alınarsa, yeni stansiyanın 300 meqavat gücündə olması regionun enerji istehsal potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Dövlət başçısının layihənin iki əsas məqsədini — Naxçıvanın dayanıqlı enerji ilə təmin olunması və elektrik enerjisinin ixracını — vurğulaması isə Azərbaycanın enerji siyasətində yeni yanaşmanı nümayiş etdirdi. Məqsəd yalnız daxili tələbatı ödəmək deyil, artıq yaranan potensialı regional enerji bazarlarına çıxarmaqdır.

Bu baxımdan Naxçıvanın enerji təhlükəsizliyi Azərbaycanın daha geniş enerji strategiyasının tərkib hissəsinə çevrilir.

Naxçıvanın bərpaolunan enerji potensialı cənab Prezidentin müsahibəsində xüsusi diqqət çəkən istiqamətlərdən biri oldu.

600 hektardan artıq ərazinin müəyyən edilməsi və burada yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının inşasının nəzərdə tutulması Naxçıvanın gələcəkdə Azərbaycanın yaşıl enerji xəritəsində mühüm mövqeyə sahib ola biləcəyini göstərir. 50 meqavat gücündə iki günəş elektrik stansiyası ilə bağlı görülən işlər isə bu strategiyanın artıq praktik mərhələyə keçdiyini göstərir.

Burada digər mühüm məqam özəl sektorun bərpaolunan enerji layihələrinə cəlb edilməsidir. Bu, dövlət investisiyalarının özəl kapital ilə tamamlanmasına, enerji sektorunda rəqabət və investisiya imkanlarının genişlənməsinə şərait yaradır. Beləliklə, Naxçıvan üçün enerji siyasəti yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda iqtisadi artım və ixrac potensialı məsələsidir. Prezident İlham Əliyev Naxçıvanda qazlaşma səviyyəsinin 100 faizə çatdırıldığını qeyd etdi. Bu isə, sosial infrastruktur baxımından mühüm göstəricidir. İranla qaz mübadiləsi mexanizminin yaradılması isə Naxçıvanın enerji təminatında alternativ və dayanıqlı mexanizmlərin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin müsahibəsində iqtisadi və enerji layihələri ilə yanaşı, Naxçıvanın tarixi və mədəni irsinə geniş yer verilməsi diqqətçəkən məqamlardandır.

Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası və qorunması, Əcəmi Naxçıvaninin şərəfinə abidənin ucaldılması Naxçıvanın yalnız iqtisadi potensialının deyil, sivilizasiya və mədəniyyət tarixindəki rolunun da önə çəkildiyini göstərir.

Dövlət başçımızın vurğuladığı kimi, görülən bütün işlərin təməlində milli kimlik, milli ruh, dil, ədəbiyyat və tarix dayanır. Bu baxımdan tarixi irsin qorunması keçmişə münasibət olmaqla yanaşı, gələcək nəsillərin milli kimliyinin qorunması məsələsidir. Naxçıvanın siyasi əhəmiyyətini artıran əsas amillərdən biri də bu torpağın Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində mühüm yer tutmasıdır. Prezident İlham Əliyevin Naxçıvanı Azərbaycana Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş məkan kimi təqdim etməsi bölgənin dövlətçilik tarixindəki xüsusi roluna diqqət çəkir.

Naxçıvan həm də müasir Azərbaycan dövlətçiliyinin siyasi yaddaşında mühüm simvollardan biridir. Buna görə də burada həyata keçirilən layihələr yalnız sosial-iqtisadi nəticələri ilə deyil, milli yaddaş və dövlətçilik baxımından da əhəmiyyət daşıyır.

Naxçıvanın iqtisadi inkişafının mühüm istiqamətlərindən biri də kənd təsərrüfatıdır. Yeni Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılması bu sahənin gələcəkdə region iqtisadiyyatında daha böyük rol oynayacağını göstərir.

Müsahibənin ən mühüm siyasi-strateji hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlı fikirlərdir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması uzun illərdir ölkənin strateji prioritetlərindən biridir. Cənab Prezidentin açıqlamalarından görünür ki, bu məsələ yalnız nəqliyyat infrastrukturu deyil, həm də Azərbaycanın regional geosiyasi mövqeyini müəyyənləşdirən əsas amillərdən biridir.

2025-ci il 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşma və TRIPP layihəsinin icrasına başlanılması ilə bağlı səsləndirilən fikirlər də bu prosesin yeni mərhələyə keçdiyini göstərir.

Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat bağlantısını təmin etməklə yanaşı, Şərq-Qərb nəqliyyat marşrutları genişləndirəcək və Azərbaycanın tranzit imkanlarını artıracaq.

Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və dəmir yolu tikintisinin sürətlə davam etdirilməsi Zəngəzur istiqamətində Azərbaycanın infrastruktur hazırlığını nümayiş etdirir.

Naxçıvan dəmir yolunun Ordubad və Sədərək istiqamətlərində çatışmayan hissələrinin yenidən qurulması da gələcək nəqliyyat inteqrasiyasının mühüm elementidir.

Hazırda mövcud dəmir yolunun 1,5 milyon ton yükaşırma qabiliyyətinin olduğu, perspektivdə isə bu göstəricinin 15 milyon tona çatdırılmasının nəzərdə tutulması Azərbaycanın layihəyə yalnız regional deyil, böyük həcmli beynəlxalq tranzit layihəsi kimi yanaşdığını göstərir.

Bu, eyni zamanda, Azərbaycanın nəqliyyat infrastrukturu sahəsində uzunmüddətli planlaşdırmaya üstünlük verdiyini nümayiş etdirir. Şərq-Qərb və digər nəqliyyat dəhlizləri ilə bağlantı Naxçıvanı Avropa ilə Asiya arasında yükdaşımaların mühüm halqalarından birinə çevirə bilər. Bu proses Azərbaycanın tranzit ölkə statusunun möhkəmləndirilməsi ilə yanaşı, Naxçıvanın öz iqtisadi potensialının da genişlənməsinə şərait yaradacaq. Enerji baxımından özünü təmin edən və ixrac imkanlarını genişləndirən, sənaye potensialını artıran, müdafiə imkanlarını gücləndirən, tarixi-mədəni irsini qoruyan və yeni nəqliyyat dəhlizlərinə inteqrasiya olunan Naxçıvan Azərbaycanın gələcək regional strategiyasında mühüm rol oynamaqdadır.

Azərbaycanın enerji siyasətinin əsas fəlsəfələrindən biri alternativ marşrutların artırılmasıdır. Naxçıvanın enerji sisteminin İran və Türkiyə ilə bağlantılarının genişləndirilməsi, Gürcüstan-Türkiyə xətti vasitəsilə Avropaya çıxışın inkişaf etdirilməsi, Qara dəniz enerji kabeli və Xəzərin dibi ilə elektrik kabeli layihələri Azərbaycanın enerji ixrac coğrafiyasını şaxələndirməyə yönəlib. Bu strategiyanın əsas üstünlüyü ondan ibarətdir ki, enerji ixracının bir marşrutdan asılılığı azalır. Azərbaycan beləliklə, təkcə enerji istehsal edən ölkə deyil, enerjinin qəbul edilməsi, ötürülməsi, tranziti və ixracını bir sistemdə birləşdirən regional enerji platforması yaratmaqdadır.

Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi ilə Naxçıvanın yaşıl enerji potensialının eyni strateji yanaşmada təqdim olunması diqqətçəkəndir. Günəş və su elektrik stansiyalarının inkişafı ilə yanaşı, Naxçıvanda ən azı 100 meqavat gücündə batareya saxlanc qurğusunun yaradılması planı bərpaolunan enerjinin davamlılığının təmin edilməsi baxımından mühüm addımdır.

Bərpaolunan enerji mənbələrinin əsas xüsusiyyətlərindən biri istehsalın hava şəraitindən asılı olmasıdır. Enerji saxlanc sistemləri isə istehsal olunan enerjinin daha səmərəli idarə edilməsinə və şəbəkənin sabitliyinin qorunmasına imkan verir.

Müsahibədə ən geniş strateji məna daşıyan fikirlərdən biri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etdirilməsinin nəzərdə tutulmasıdır.

Bu yanaşma Azərbaycanın müxtəlif regionlarında tətbiq olunan idarəetmə və inkişaf modellərinin əlaqələndirilməsini nəzərdə tutur.

Zəngilanla Ordubad arasındakı coğrafi yaxınlığın vurğulanması isə bu üç məkan arasında iqtisadi, nəqliyyat və enerji əlaqələrinin gələcəkdə daha da genişləndirilə biləcəyini göstərir.

Naxçıvanın inkişaf strategiyasının sosial ölçüsü də diqqətdən kənarda qalmır.

Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsinin və ekoloji standartların yüksəldilməsinin göstəricisidir. 217 müasir rayonlararası avtobusun alınması isə yalnız şəhər nəqliyyatının deyil, regionlararası hərəkətliliyin də yaxşılaşdırılmasına xidmət edəcək.

Bununla yanaşı, 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulur. 26 yaşayış məntəqəsini və təxminən 160 min nəfəri əhatə edəcək bu layihələr regionun kənd və rayonlarının iqtisadi əlaqələrini gücləndirəcək.

İnfrastrukturun inkişafı nəticə etibarilə insanların gündəlik həyat keyfiyyətinə, sahibkarlıq imkanlarına və region daxilində iqtisadi fəallığa birbaşa təsir göstərir. Naxçıvanın zəngin tarixi, təbii resursları və mədəni irsi turizmin inkişafı üçün böyük potensial yaradır.

Lakin turizmin iqtisadi sektora çevrilməsi üçün təkcə təbii və tarixi imkanların mövcudluğu kifayət deyil. Müasir mehmanxana infrastrukturu, nəqliyyat əlçatanlığı, xidmət keyfiyyəti və beynəlxalq tanıtım da vacibdir. Şəhər mərkəzində beşulduzlu mehmanxananın inşasına başlanılması bu istiqamətdə mühüm addımlardandır. Naxçıvanın nəqliyyat əlçatanlığının artması və regional dəhlizlərə inteqrasiyası isə turizm üçün yeni imkanlar yarada bilər. Beləliklə, nəqliyyat və turizm siyasəti bir-birini tamamlayan sahələrə çevrilir.

Prezident İlham Əliyevin müsahibəsi Naxçıvanın inkişafına dair dövlət siyasətinin çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi. Burada müdafiə, enerji, sənaye, kənd təsərrüfatı, sosial xidmətlər, mədəni irs və nəqliyyat infrastrukturu vahid strateji yanaşmanın müxtəlif istiqamətləridir.

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri təkcə növbəti işgüzar səfər kimi deyil, Naxçıvanın inkişafında yeni mərhələnin konturlarının təqdim edilməsidir. Səfər zamanı təqdim olunan layihələr göstərir ki, Naxçıvanın qarşıdakı illərdəki inkişaf gündəliyinin əsasını təhlükəsizlik, dayanıqlı enerji, sənayeləşmə, nəqliyyat bağlantıları, sosial rifah və milli-mədəni irsin qorunması təşkil edəcək.

Bütövlükdə, dövlət başçısının Naxçıvana səfəri bölgənin iqtisadiyyat, enerji, sənaye, nəqliyyat, sosial təminat, şəhərsalma, turizm və müdafiə sahələrində inkişafının kompleks şəkildə davam etdirildiyini göstərdi. Həyata keçirilən layihələr Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və onun strateji potensialından səmərəli istifadənin dövlət siyasətində xüsusi yer tutduğunu nümayiş etdirir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini