15 avqust 2026 12:27
81

Metro əməkdaşları və könüllülər hər yerdə kömək edirlər – sərnişin

Xəbər verdiyimiz kimi metronun "28 May" və “Nizami” stansiyaları arasında qatarların hərəkəti bu gündən müvəqqəti dayandırılıb.

Qərar Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas tikinti işlərinə başlanılması ilə əlaqədardır. Tikinti mərhələsinin təxminən 10–11 ay davam edəcəyi gözlənilir.

Bu gün ilk dəfə tətbiq olunan dəyişikliklərlə bağlı metronun "Nizami" stansiyasında olub, vəziyyəti izlədik.

“İki sahil” xəbər verir ki, Bakı sakini, sərnişin Əli Əsədullayev mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirdi ki, dəyişikliklə bağlı heç bir çətinlik yaşamayıb:

"Mən də bu gün ilk dəfə bu sistemi sınadım və heç bir çətinliyim olmadı. Sağ olsunlar, əməkdaşlar hər yerdə bizə kömək göstərirlər. Həmçinin hər yerdə könüllülər fəaliyyət göstərir, vətəndaşları istiqamətləndirirlər. Hazırda hər hansı bir çətinliyimiz yoxdur".

O qeyd edib ki, bu dəyişiklik 11 aydan sonra metroda intervalların azaldılmasına xidmət edirsə, gözləməyə və müvəqqəti çətinliyə dəyər:

"Hazırda bu dəyişiklik vətəndaşlar üçün müəyyən çətinlik yarada bilər. Amma sonda əgər nəzərdə tutulan əsas məsələ intervalların azaldılmasıdırsa və biz bunu görəcəyiksə, təbii ki, burada problem yoxdur".

Sərnişin həmçinin, qeyd edib ki, sentyabrda dərslər açılanda vəziyyət bir qədər dəyişə bilər:

"Sadəcə, narahatlığımız məktəblər açılan vaxtda vəziyyətin belə olub-olmayacağı ilə bağlıdır: Sıxlıq yaranacaq, yoxsa hər şey rahat olacaq? Əsas narahatlığımız budur. Amma hazırda vəziyyət müsbətdir, bunu deyə bilərəm".