15 avqust 2026 13:27
113

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq

“Bakı Metropoliteni”ndə 2028-ci ildə yeni depo infrastrukturunun inşası başa çatdırılandan sonra “Qırmızı xətt” üzrə qatarlar arasında intervalın maksimum 2 dəqiqəyədək azaldılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu, Bakı metrosunda sərnişin sıxlığının azaldılması və dünya praktikasında böyük şəhərlər üçün vacib hesab olunan minimal intervalların təmin edilməsi baxımından mühüm mərhələ olacaq.

“2028-ci ildə “İçərişəhər” istiqamətində deponun inşası ilə bağlı nəzərdə olunan işlər başa çatdırılacaq və ondan sonra “Qırmızı xətt”də bütün dünya praktikasına və böyüyən şəhərlər üçün vacib olan ən minimal intervalların təmin edilməsi istiqamətində işlər yekunlaşdırılmış olacaq. Yəni minimal interval maksimum 2 dəqiqədən ibarət olacaq”, - deyə Bəxtiyar Məmmədov diqqətə çatdırıb.

O qeyd edib ki, gələcəkdə “Yaşıl xətt” üzrə də intervalın əhəmiyyətli dərəcədə azaldılması mümkün olacaq.

““Yaşıl xətt” üzrə “Xətai” stansiyasından sonra iki stansiya inşa edilərək depo infrastrukturu ilə təmin olunandan sonra həmin istiqamətdə maksimal interval 3 dəqiqəyə qədər olacaq”, - deyə QSC-nin rəsmisi vurğulayıb.

Bəxtiyar Məmmədov deyib ki, bu dəyişikliklər “Bakı Metropoliteni”nin qarşıdakı dövr üçün əsas prioritetlərindən biri olan sərnişinlərin tələbatının daha səmərəli qarşılanmasına xidmət edəcək:“Bir sözlə, qarşıdakı dövrdə “Bakı Metropoliteni”nin əsas vəzifəsi sərnişinlərin tələbatı mənzərəsində intervalları və sıxlığı azaltmaqdır”.

QSC-nin rəsmisinin sözlərinə görə, dövlət proqramına uyğun olaraq 10 yeni stansiyanın inşası və xətlər arasında keçidlərin yaradılması nəticəsində Bakı metrosunun bütün xətlərinin bir-biri ilə inteqrasiyası tam təmin ediləcək.

“Şəhərin mərkəzindən ətrafına doğru sərnişinlərimizin hərəkəti baxımından yerin altında kifayət qədər istiqamətlər təşkil olunacaq. Yəni sərnişin özü seçim etməyə başlayacaq”, - deyə Bəxtiyar Məmmədov bildirib.

O vurğulayıb ki, bu, Bakıda nəqliyyatda rahatlığın artırılması baxımından mühüm layihələrdən birinə çevriləcək.