18 avqust 2026 13:26
138

Yarım ildə dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd gözlənilib

Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) 2026-cı ilin birinci yarısı ərzində gözlənilib.

“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

Sənədə görə, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib. 2027-ci il yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4 milyard 833 milyon dollar, daxili dövlət borcunun isə 19 milyard 387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Gələn il yanvarın 1-nə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.

2027-ci il yanvarın 1-nə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51 faizi 5 ilədək, 49 faizi isə 5 il və daha artıq istiqrazların payına düşməsi gözlənilir.