19 avqust 2026 12:29
105

Milli Aviasiya Akademiyası IFLA WLIC 2026 beynəlxalq konqresində uğurla təmsil olunub

 

Milli Aviasiya Akademiyasının (MAA) Kitabxana informasiya şöbəsinin müdiri Günel Şıxəliyeva dünyanın aparıcı kitabxana və informasiya mütəxəssislərini bir araya gətirən IFLA WLIC 2026 – 90-cı Dünya Kitabxana və İnformasiya Konqresində Milli Aviasiya Akademiyasını təmsil edib.

10–13 avqust 2026-cı il tarixlərində Cənubi Koreyanın Busan şəhərində keçirilən konqres Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası (IFLA) tərəfindən təşkil olunub və “Libraries Powering Transformation” mövzusuna həsr edilib.

Konqresdə iştirak Milli Aviasiya Akademiyasının kitabxana-informasiya sahəsində beynəlxalq peşəkar əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və dünya kitabxanalarında tətbiq olunan müasir yanaşmaların Akademiyanın kitabxana fəaliyyətinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Konqres çərçivəsində Günel Şıxəliyevanın “Empowering Communities through AI-Driven Information Literacy in Libraries” adlı elmi məqaləsi və posteri beynəlxalq auditoriyaya təqdim olunub. Qeyd edək ki, konqresə təqdim olunan 850 poster arasından yalnız 200 poster seçilərək nümayiş hüququ qazanıb. Təqdimatda süni intellektin kitabxanalarda informasiya savadlılığının inkişafına yaratdığı imkanlar, istifadəçilərin etibarlı informasiya mənbələrini müəyyənləşdirmək, informasiyanı düzgün qiymətləndirmək və rəqəmsal informasiya mühitində effektiv fəaliyyət göstərmək bacarıqlarının formalaşdırılmasında kitabxanaların rolu diqqətə çatdırılıb.

Konqresdə dünyanın müxtəlif ölkələrindən kitabxana və informasiya sahəsinin mütəxəssisləri bir araya gələrək müasir kitabxanaların inkişaf perspektivlərini, rəqəmsal transformasiyanı, süni intellektin kitabxana-informasiya xidmətlərinə təsirini, açıq elmi informasiya mühitini, inklüzivliyi, dayanıqlı inkişafı və beynəlxalq əməkdaşlığın yeni imkanlarını müzakirə ediblər.