19 avqust 2026 16:34
126

İşçi əsas iş vaxtından sonra başqa iş yerlərində işləyə bilər

Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdikdə işçi əsas iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər. Əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Əvəzçilik üzrə iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir və normal iş vaxtının yarısından çox ola bilməz. Gündəlik normal iş vaxtı 8 saatdan, həftəlik isə 40 saatdan artıq müəyyən edilə bilməz.

İş vaxtından sonra əlavə iş yerində əvəzçilik üzrə işləmək üçün əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə buna yalnız işəgötürənin razılığı ilə yol verilir. Əmək şəraitinin şərtləri və əmək funksiyasının həcmi tərəflərin razılığı ilə müəyyən edilir.

Əvəzçilik üzrə çalışan işçilərə qanunvericilikdə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla əmək qanunvericiliyinin bütün normaları şamil edilir.

Əsas iş yerində zərərli, təhlükəli və sağlamlığa mənfi təsir göstərən əmək şəraitində çalışan işçinin eyni şəraitli əlavə iş yerində əvəzçilik üzrə işləməsinə yol verilmir.

18 yaşdan az işçilərin əvəzçilik üzrə işləməsinə yalnız əsas və əlavə iş yerlərində gündəlik iş vaxtının cəmi onlar üçün müəyyən edilmiş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilir.

Qeyd edək ki, qısaldılmış iş vaxtı həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16–18 yaşlı işçilər, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, həmçinin 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət orqanlarının müvafiq vəzifəli şəxslərinə əvəzçilik üzrə əlavə iş yerində işləmək hüququ şamil edilmir.