Çimərlik güləşi üzrə millimiz Bakıda keçiriləcək məsul yarışlara hazırlığı davam etdirir.
“İki sahil” xəbər verir ki, U17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsinə hazırlıq xarakteri daşıyan son təlim-məşq toplanışı Avropa Oyunları Parkında və Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilir.
Milli komandanın məşqçiləri və üzvləri yarışlara hazırlığı dəyərləndiriblər.
Oyan Nəzəriani, milli komandanın baş məşqçisi: “Hazırlığın son mərhələsindəyik. Hal-hazırda 6 ölkənin iştirakçılarıyla birgə təlim-məşq toplanışı keçirik. ABŞ, Ukrayna, Serbiya, Xorvatiya, Əlcəzair və Türkiyə millisinin üzvləri son hazırlıq prosesinə qatılıb. Toplanışın çox faydalı keçdiyini düşünürəm. Bu gün son yoxlama görüşlərimizi keçirdik. Avqustun 27-də yarışın startına hazır olacağıq”.
İbrahim Yusubov, milli komandanın məşqçisi: “Yarışa yüksək səviyyədə hazırlaşırıq. Komanda Bakıda keçiriləcək hər 2 məsul yarışa böyük səylə hazırlaşır. Toplanışa əcnəbi komandaların qatılması hazırlığın keyfiyyətini artırır. Əlimizdən gələni edəcəyik ki, həm U17 dünya çempionatında, həm də Dünya Seriyasının IV mərhələsində uğurlu nəticəyə imza ataq”.
Ülviyyə Musayeva, milli komandanın üzvü: “Bu dəfə çimərlik güləşi üzrə U17 dünya çempionatı Bakıda keçirilir. Hal-hazırda bu yarışa 6 komandayla birgə hazırlaşırıq. Məqsədim doğma məkanda uğurlu çıxış etmək və titulumu qoruyaraq 2 qat dünya çempionu olmaqdır. Ondan sonra isə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da uğura imza atmağa çalışacağam”.
Əşrəf Aşırov, milli komandanın üzvü: “Bakıda keçiriləcək Dünya Seriyasının IV mərhələsinə intensiv hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Azarkeşləri qələbələrlə sevindirmək üçün var gücümüzü ortaya qoyacağıq”.
Xatırladaq ki, avqustun 27-də U17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil ediləcək.