22 avqust 2026 13:27
174

Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir

Azərbaycan milli maraqlarını və təhlükəsizliyini etibarlı şəkildə qorumaqla bərabər, həm də beynəlxalq və regional miqyasda nüfuzlu bir siyasi xətt həyata keçirir. Qarşılıqlı ehtiram və hər iki tərəf üçün faydalı əməkdaşlıq prinsiplərinə söykənən bu kurs, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi mənzərənin əsas istiqamətləndirici amilinə çevrilmişdir. Rəsmi Bakının təşəbbüsü və birbaşa iştirakı ilə gerçəkləşən qlobal enerji, nəqliyyat və logistika təşəbbüsləri təkcə Avrasiya regionunun təhlükəsizliyinə təkan vermir, eyni zamanda daha geniş coğrafiyada iqtisadi əlaqələrin dərinləşməsini sürətləndirir. Ölkəmizin xarici siyasət strategiyasında tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxarılması mühüm yer tutur. Bu baxımdan Mərkəzi Asiya dövlətləri, xüsusən də bölgənin aparıcı ölkələrindən olan Özbəkistan ilə əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, iki ölkə arasında rəsmi diplomatik əlaqələrin bünövrəsi 1995-ci il oktyabrın 2-də qoyulsa da, xalqlarımızı birləşdirən mənəvi və qardaşlıq tellərinin tarixi əsrlərə dayanır. Eyni soy-kökə, dilə, dinə və zəngin mədəni irsə malik olan hər iki xalq tarix boyu sıx həmrəylik nümayiş etdirmişdir. Bu dostluq münasibətləri Sovet hakimiyyəti illərində də öz sarsılmazlığını sübut etmişdir. 1930-cu illərin ağır siyasi repressiyaları dövründə on minlərlə azərbaycanlı Özbəkistanda özünə təhlükəsiz pənah tapmış, 1966-cı ildə baş vermiş dağıdıcı Daşkənd zəlzələsindən sonra isə şəhərin yenidən qurulmasında azərbaycanlı mütəxəssislər fəal xidmət göstərmişlər. Dövlət başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə bu tarixi və mənəvi bağlılığı yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər ortaq köklərə, mədəniyyətə, dilə və nəsildən-nəslə ötürülən qarşılıqlı rəğbətə söykənir. Məhz bu möhkəm təməl üzərində formalaşan dövlətlərarası əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Deputat diqqətə çatdırıb ki, müstəqillik dövründə iki ölkə arasında strateji tərəfdaşlığın bünövrəsinin qoyulmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu Öndərin Özbəkistan rəhbərliyi ilə qurduğu səmimi və etibarlı münasibətlər dövlətlərarası əlaqələrin uzunmüddətli inkişaf istiqamətini müəyyənləşdirmişdir. Bu uğurlu siyasi kurs Prezident İlham Əliyevin uzaqgörən strategiyası sayəsində daha yüksək pilləyə qaldırılmışdır. İki dövlət başçısının yaxın dostluğu və qarşılıqlı inamı əməkdaşlığın dinamik şəkildə şaxələnməsində həlledici amil kimi çıxış edir. Ölkə rəhbəri Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aralarındakı səmimi dostluq və etimadın Azərbaycan-Özbəkistan müttəfiqliyinin dərinləşməsində müstəsna rol oynadığını xüsusi vurğulamışdır. Son illərdə intensivləşən qarşılıqlı ali səfərlər ikitərəfli münasibətlərə güclü təkan vermişdir. İmzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrin müqavilə-hüquq bazasını köklü şəkildə möhkəmləndirmişdir. Bununla yanaşı, yaradılmış Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən mühüm institusional mexanizmə çevrilmişdir. Özbəkistan hər zaman Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləmiş, işğaldan azad edilmiş Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və "Dostluq bağı" bu sarsılmaz qardaşlığın bariz rəmzinə çevrilmişdir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi-ticari əlaqələrdə də öz əksini tapır. İki ölkə arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edir. Nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti konkret layihələrin icrasını həyata keçirir. Avtomobil sənayesi, energetika, bərpaolunan ("yaşıl") enerji və nəqliyyat-logistika sahələrində səmərəli tərəfdaşlıq mövcuddur. Hər iki dövlətin əlverişli coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta Dəhliz marşrutu üzrə yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. İqtisadi sahədəki bu sürətli artım rəsmi statistikada da özünü göstərir. Qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatmışdır. Artım dinamikası növbəti ildə də davam etmiş, 2026-cı ilin yanvar-may aylarında ticarət həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil etmişdir.
K.Bayramov vurğulayıb ki, çoxtərəfli diplomatiya çərçivəsində, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) platformasında Azərbaycan və Özbəkistanın birgə fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Hər iki ölkə TDT-ni türk dünyasının siyasi, iqtisadi və mənəvi potensialını artıran mühüm strateji birlik kimi dəyərləndirir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə daxil olması ilə "C5" formatının "C6" modelinə çevrilməsi regionlararası inteqrasiyanı keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Dövlətimizin başçısı TDT çərçivəsindəki qarşılıqlı əlaqələrin önəmini vurğulayaraq, Qəbələdə təşkil olunan TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün tarixi əhəmiyyətini qeyd etmişdir. Həmin sammitdə təşkilatın möhkəmləndirilməsi, türk dünyasının birliyinin təmin olunması, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, eləcə də qlobal müstəvidə nüfuzlu güc mərkəzinə çevrilməsi məqsədilə mühüm sənədlər qəbul olunmuşdur. Prezident İlham Əliyev bildirmişdir ki, Bakı və Daşkənd TDT-ni təkcə rəsmi əməkdaşlıq platforması deyil, həm də ortaq tarixi, mədəniyyəti və mənəvi irsi gələcək nəsillərə ötürən əvəzsiz bir birlik kimi görür. İkitərəfli tərəfdaşlığın digər mühüm istiqaməti hərbi və hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsidir. Müdafiə nazirlikləri arasında təsdiqlənmiş fəaliyyət planlarına əsasən həyata keçirilən birgə təlimlər, müdafiə sənayesi üzrə təcrübə mübadiləsi və hərbi heyətin peşəkarlığının artırılması addımları regional sabitliyin və təhlükəsizliyin etibarlı zəmanətinə çevrilir. Dövlətlərarası yaxınlaşmanı tamamlayan əsas sütunlardan biri də mədəni-humanitar sahədəki sıx təmaslardır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri, qarşılıqlı Mədəniyyət Günləri, birgə media forumları və ali təhsil müəssisələrinin birbaşa əməkdaşlığı xalqlarımızın daha da yaxınlaşmasına, gənc nəsillər arasında mənəvi bağların qorunub saxlanmasına xidmət edir.
K.Bayramov əlavə edib ki,  Azərbaycan və Özbəkistanın bu gün nümayiş etdirdiyi birgə addımlar sadəcə iki dövlət arasında sıx müttəfiqliyin tərənnümü deyil, həm də bütün Türk dünyası üçün strateji inkişaf modelidir. Liderlərin sarsılmaz iradəsi, genişlənən iqtisadi və hərbi əməkdaşlıq, eləcə də xalqlarımızın eyni mənəvi köklərə söykənməsi bu tərəfdaşlığı zamanın sınaqlarından uğurla çıxarır. Əsrlərin sınasından keçmiş bu səmimi dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edərək, həm xalqlarımızın firavanlığına, həm də bütöv türk dünyasının qlobal gücünün artmasına mühüm töhfələr verəcəkdir.