Azərbaycanın xarici siyasət prioritetləri sırasında Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi yer tutur. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan və özbək xalqlarını ortaq din, dil, adət-ənənə, mədəniyyət və tarixi yaxınlıq bir-birinə sıx birləşdirir. İndiyə qədər Azərbaycan və Özbəkistan arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edib və ölkələrimiz ən vacib məsələlərdə daim bir-birinə dəstək göstəriblər.
“İki sahil” AZƏRTAC-a istinadla iki ölkə arasında əlaqələrin inkişafına qısa nəzər salır.
İki qardaş ölkə arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalanıb.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dövlətlərarası əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilib. Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksələn bu əlaqələrdə Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad, ardıcıl qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar mühüm rol oynayıb. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib.
Bu səfərlər çərçivəsində 2024-cü il avqustun 23-də Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Həmin gün Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də yeni müttəfiqlik formatının institusional əsaslarını möhkəmləndirib.
Sonrakı mərhələdə bu siyasi yaxınlıq həm də iqtisadiyyat, bağlantılar, energetika və humanitar layihələri əhatə edib. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “C5” formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi isə Bakı-Daşkənd münasibətlərinin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional məna qazandığını göstərib.
Prezident İlham Əliyev Özbəkistana budəfəki dövlət səfəri isə iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.
Səfər çərçivəsində tərəflər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən bir sıra əhəmiyyətli sənədlərin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 220-yə yaxın sənəd imzalanıb, bir neçə sənəd layihələrinə baxılmaqdadır.
Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi körpü
Azərbaycan-Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini yalnız ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirmək münasibətlərin real miqyasını kiçiltmək olardı. Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi bu regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub.
Bunun ən mühüm göstəricilərindən biri Azərbaycanın 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “C5” formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bu formata qoşulmasını tarixi qərar adlandıraraq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha güclü körpünün qurulacağını və vahid əməkdaşlıq məkanının formalaşması üçün yeni imkanların yaranacağını bildirib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır.
Türk dünyasında ortaq xətt
Azərbaycan və Özbəkistanın yaxınlaşmasını Türk Dövlətləri Təşkilatının inkişafından ayrı təsəvvür etmək mümkün deyil. Hər iki ölkə Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının fəal iştirakçısıdır.
2025-ci ilin oktyabrında TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev təşkilatın artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını bildirib. Bu prosesdə Azərbaycanın və Özbəkistanın mövqeyi xüsusilə əhəmiyyətlidir. Azərbaycan Xəzər və Cənubi Qafqaz istiqamətində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində mühüm dayaq nöqtələridir. İki ölkənin siyasi və iqtisadi yaxınlaşması bu coğrafiyaları bir-birinə daha sıx bağlayır.
Orta Dəhliz və yeni geoiqtisadi imkanlar
Azərbaycan-Özbəkistan münasibətlərinin potensialını müəyyən edən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərində yerləşməsi, Azərbaycanın isə Xəzərin qərb sahilində mühüm nəqliyyat qovşağına çevrilməsi iki ölkənin imkanlarını bir-birini tamamlayan strateji resursa çevirir. Bu baxımdan Orta Dəhliz iki ölkənin coğrafi mövqelərini vahid regional üstünlüyə çevirən əsas platformalardan biridir. Marşrut Mərkəzi Asiyanın istehsal və ixrac imkanlarını Xəzər vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə əlaqələndirir.
Azərbaycanın beynəlxalq dəniz limanı, dəmir və avtomobil yolları, hava limanları, gəmiçilik və logistika infrastrukturu ilə Özbəkistanın istehsal və ixrac potensialının birləşdirilməsi marşrutun iqtisadi səmərəliliyini daha da artırır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inkişafı da bu istiqamətdə yeni imkanlar yaradır.
Eyni zamanda, 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş iki ölkə arasında avtomobil daşımalarının inkişafını daha da sürətləndirib.
İqtisadi əməkdaşlıq: ticarətdən kooperasiyaya
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri ticarət münasibətləri ilə yanaşı, sənaye kooperasiyası və investisiya əməkdaşlığı istiqamətlərində də genişlənir. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin və investisiyaların artırılmasını, birgə layihələrin həyata keçirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdiriblər. Ötən il iyulun 2-də iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan Proqram qəbul edilib.
İnvestisiya əməkdaşlığının mühüm mexanizmlərindən biri Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətidir. 2023-cü ildə yaradılmış şirkətin nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır.
Sənaye kooperasiyasının uğurlu nümunələrindən biri avtomobil istehsalı sahəsində əməkdaşlıqdır. Hacıqabul Sənaye Parkında Azərbaycan və Özbəkistan şirkətlərinin əməkdaşlığı çərçivəsində 10 min 720 “Chevrolet” markalı avtomobil istehsal edilib. Bundan əlavə, “Azərmaş Park” MMC ilə Özbəkistanın “SamAvto” şirkətinin əməkdaşlığı çərçivəsində “ISUZU” markalı 275 avtobus istehsal olunub.
Enerjidən yaşıl enerji dəhlizinə
Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivli istiqamətlərindən biri enerji sektorudur. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Özbəkistanın “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılmış "Neftegaztexnologiya" birgə müəssisəsi 2016-cı ildən neft-qaz sənayesində uğurla fəaliyyət göstərir.
Tranzit daşımaların həcmi kifayət qədər genişlənib. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcmi 1,4 milyon ton olub.
Bu gün münasibətlər ənənəvi neft-qaz əməkdaşlığından bərpaolunan enerji və regional enerji sistemlərinin əlaqələndirilməsinə doğru inkişaf edir.
2024-cü il noyabrın 13-də COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu təşəbbüs Mərkəzi Asiyada istehsal edilən bərpaolunan enerjinin Xəzər və Qara dəniz marşrutu ilə Avropa istiqamətində ötürülməsi üçün yeni imkanlar yaradır. Burada söhbət yalnız elektrik enerjisinin ötürülməsindən getmir. Mərkəzi Asiyanın bərpaolunan böyük enerji potensialının Azərbaycan ərazisindən Qərb bazarlarına çıxarılması regionların yaşıl transformasiyasını sürətləndirə, enerji təhlükəsizliyini gücləndirə və yeni geoiqtisadi bağlantılar yarada bilər. Ənənəvi enerji sektorunda isə SOCAR ilə Özbəkistanın “Uzbekneftegaz” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi iki ölkənin enerji şirkətləri arasında tərəfdaşlığın yeni istiqamətlərə çıxarılması baxımından əhəmiyyətlidir.
Tarixi-mədəni yaxınlıq
Ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin dərinliyi ortaq türk mədəni irsinə, dil və mənəvi dəyərlərə, ədəbiyyat və incəsənət ənənələrinə söykənir. İpək yolu üzərində yerləşən Bakı və Səmərqənd şəhərləri əsrlər boyu ticarət, elm və mədəniyyət mübadiləsinin mühüm mərkəzləri olub. Nizami Gəncəvinin dünya ədəbiyyatının şah əsərlərindən sayılan “Xəmsə”si ilə Əlişir Nəvainin onun ənənələrini davam etdirərək yaratdığı “Xəmsə” Azərbaycan və Özbəkistan xalqlarının ortaq ədəbi-mədəni bağlarının parlaq nümunəsidir.
Tarixi yaxınlığın izləri maddi mədəniyyət nümunələrində də qorunub. Azərbaycan mütəfəkkiri Yusif ibn Məhəmmədcan Qarabağinin Səmərqənddə yaşayıb elmi fəaliyyət göstərməsi, Bakıda XV əsrə aid Buxara karvansarasının mövcudluğu iki coğrafi məkan arasında əsrlər boyu davam edən əlaqələrin konkret nümunələridir.
Müstəqillik dövründə bu tarixi-mədəni baza siyasi məzmun qazanıb. Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 1995-ci ildə qurulub, 2004-cü ildə Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması münasibətlərin yeni mərhələsinə yol açıb.
2023-cü və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistanın Elm və Mədəniyyət Günləri keçirilib. 2024-cü ildə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, həmçinin Xivə şəhərində “Şuşa günləri” keçirilib.
Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyevanın 2024-cü ildə ölkəmizə səfəri zamanı balet-tamaşanın təqdimatı və Heydər Əliyev Fondu ilə birgə təşkil edilmiş sərginin açılışı baş tutub.
Daşkənddə Heydər Əliyev Meydanı mövcuddur. 2022-ci ildə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev meydanın açılış mərasimində iştirak ediblər.
İki dövlətin və xalqın qardaşlığının bariz təzahürləri
Qeyd etdiyimiz kimi, Azərbaycan-Özbəkistan münasibətlərinin dərinliyi yalnız siyasi və iqtisadi göstəricilərlə məhdudlaşmır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın iştirakı, eyni zamanda, ötən il Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olan qardaşlığın, dostluğun bariz təzahürlərindəndir. Həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ildə Azərbaycana dövlət səfəri çərçivəsində Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 960 şagird yerlik məktəb Özbəkistan tərəfindən Azərbaycana hədiyyə edilib. Məktəbin Mirzə Uluqbəyin adını daşıması layihəyə əlavə tarixi-mədəni məna qazandırır.
Xatırladaq ki, 2025/2026-cı tədris ilində Azərbaycanda 70 nəfərə yaxın Özbəkistan vətəndaşı, Özbəkistanda isə 180 nəfərə yaxın nəfər Azərbaycan vətəndaşı təhsil alıb.
Ölkələrimiz arasında xüsusi istiqamətlərdə biri kimi media sahəsində əməkdaşlığı qeyd etmək olar. 2024-cü ildə Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci ildə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib.
Həmçinin 2023-cü ildə Füzulidə Azərbaycan və Özbəkistan QHT-lərinin I Əməkdaşlıq Forumu, 2024-cü ildə Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilib. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə ilk dəfə birlikdə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Bu müsabiqə nəticəsində Azərbaycanda qalib gələn layihələr Özbəkistanda, Özbəkistanda qalib gələn layihələr isə Azərbaycanda icra olunacaq.
Bundan əlavə, iki ölkənin regionları arasında təmaslar da intensivləşib, qardaşlıq əlaqələri qurulub. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Güliston, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri qardaşlaşıb. Həmçinin, Ürgənc və Naxçıvan, Ürgənc və Xankəndi, Buxara və Laçın şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması barədə qərar verilib.
Yeni regional reallığın iki dayağı
Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi iki dövlət arasındakı əlaqələrdən daha geniş regional mənzərə ortaya qoyur. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzləri kimi çıxış edir. İki ölkənin strateji yaxınlaşması regionlar arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsinə xidmət edir. Beləliklə, Bakı-Daşkənd xətti yalnız iki qardaş dövlətin münasibətlərini deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi və geoiqtisadi əlaqələrin formalaşmasını da xarakterizə edir.
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib
Prezident və birinci xanım Daşkənddə Ümummilli Lider Heydər Əliyevin memorial kompleksinin önünə gül dəstələri qoyublar
Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa - TƏHLİL