Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkənin yeni parlamenti – Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbrik məktubu ünvanlayıb.
“İki sahil” məktubu təqdim edir:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının yeni parlamenti – Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə Sizə və qardaş xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Qazaxıstanın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcının rəmzi olan bu mühüm hadisənin ölkənizin hərtərəfli inkişafına, həyata keçirdiyiniz genişmiqyaslı islahatların davam etdirilməsinə və qarşıda duran vəzifələrin gerçəkləşdirilməsinə xidmət edəcəyinə əminliyimi bildirirəm. Qurultayın işinə müvəffəqiyyətlər arzulayıram.
Ortaq köklər, milli-mənəvi dəyərlər və qardaşlıq telləri ilə sıx bağlı olduğumuz Qazaxıstanla əlaqələrimizin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Sizinlə apardığımız fəal və səmərəli siyasi dialoq Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə və yeni məzmun kəsb etməsinə təkan vermişdir.
İnanıram ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və dərinləşməyə davam edəcəkdir.
Fürsətdən istifadə edərək, bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub