24 avqust 2026 19:48
101

Süni intellekt kino sənayesində YENİ DÖVR YARADIR

Kino və əyləncə sektorunda məzmun istehsalında süni intellektdən istifadə yerli dillərdə və müxtəlif mədəniyyətlərdə yaradılan hekayələrin sayını və keyfiyyətini artıraraq fərqli mədəniyyətlər arasında körpü yaradır. Bir neçə il əvvələ qədər media məhsullarının istehsal prosesində yalnız insanlar iştirak edirdisə, bu gün xəbər məzmunlarından reklam kampaniyalarına, animasiyalardan film və seriallara qədər bir çox sahədə süni intellekt dəstəkli istehsal modellərinin yayılması kino sənayesi üçün dönüş nöqtəsinə çevrilib.

Asiya bazarında, xüsusilə Çin, Hindistan və İndoneziyada media şirkətlərinin süni intellektlə hazırladığı layihələrin sürətlə yayılması bu texnologiyanın kino sənayesinə təsirini yenidən gündəmə gətirib. Hollivudda isə süni intellekt konsepsiyaların hazırlanması, vizual effektlər, aktyorların səs və görüntülərinin redaktəsi kimi istehsal proseslərində köməkçi vasitə olaraq istifadə olunur.

Süni intellekt texnologiyalarındakı son inkişaflar istehsalçılar üçün həm maliyyə xərclərini, həm də texniki maneələri azaldır. Bununla yanaşı, yerli dillərdə, dialektlərdə və müxtəlif mədəni kontekstlərdə hazırlanan hekayələrin sayının və keyfiyyətinin artmasına imkan yaradır.

Utrext Universitetində süni intellekt və rəqəmsal mədəniyyət sahəsində araşdırmalar aparan professor Payal Arora süni intellektin ssenari yazımı, montaj və dublyaj kimi istehsal proseslərindəki maneələri əhəmiyyətli dərəcədə azaltdığını bildirib. Arora süni intellekt sayəsində məzmun istehsalının “elit” istehsalçıların inhisarından çıxacağını qeyd edib: “Süni intellekt milyonlarla insana özünü ifadə etmək, təcrübə aparmaq və ünsiyyət qurmaq imkanı verir.”

Arora bildirib ki, qarşıdakı 5-10 il ərzində süni intellektin ən böyük təsirlərindən biri lokallaşdırılmış hekayəçiliyi mümkün etmək olacaq: “Yalnız qlobal əsas auditoriya üçün deyil, konkret icmalar üçün yerli dillərdə, dialektlərdə və mədəni kontekstlərdə hazırlanmış daha çox film və serial görəcəyik.”

Süni intellektin böyük büdcələrə və sənaye əlaqələrinə çıxışı olmayan məzmun istehsalçılarının qarşısındakı maneələri də azaldacağını bildirən Arora bunun yerli hekayələrin qlobal miqyasda görünürlük qazanmasına kömək edəcəyini vurğulayıb. Arora gələcəkdə sektorun müxtəlif mədəniyyətlər arasında körpü yaradan və özünəməxsus yerli təcrübələrdən qaynaqlanan hekayələri beynəlxalq auditoriyaya çatdıran struktura çevriləcəyini bildirib.

İnsan və süni intellektin əməkdaşlığına əsaslanan yeni model

Süni intellektin kino sektorunda yüksəlişi insan yaradıcılığının gələcəyi ilə bağlı müzakirələri də gündəmə gətirib. Kino sektorunda çalışan nümayəndələrin əksəriyyəti süni intellektin yaradıcılığı zəiflədəcəyini düşünür. Digərləri isə bu texnologiyanın yaradıcılığın inkişafında vasitə kimi istifadə edilə biləcəyinə inanırlar.

Arora tarix boyu yeni texnologiyaların yaradıcılığı azaldacağı ilə bağlı narahatlıqların olduğunu xatırladıb. O, kameranın ixtira edilməsi zamanı da texnologiyanın yaradıcılığın mahiyyətini təhdid edəcəyi ilə bağlı narahatlıqların yaşandığını bildirib: “Lakin fotoqrafiya yaradıcı ifadə ilə bağlı anlayışımızı genişləndirdi. Dünyanı görmək və təsvir etmək üçün yeni yollar ortaya çıxardı.”

Yaradıcılığın insanların təcrübələrini şərh etmək və təsəvvür etmək qabiliyyətindən qaynaqlandığını vurğulayan Arora, məzmun istehsalçıları baxımından süni intellektin yaradıcılığı əvəz edən vasitə olmadığını qeyd edib. O, bu texnologiyanın vaxta qənaət etdiyini, təkrarlanan işləri azaltdığını və məhdud resurslarla daha çox məhsul yaratmağa imkan verdiyini bildirib. Gələcəkdə süni intellektlə insan arasında qarşıdurmanın deyil, əməkdaşlığın ön plana çıxacağını deyən Arora insan və süni intellekt arasında əməkdaşlığa əsaslanan yeni istehsal modellərinin formalaşacağını qeyd edib.

London İqtisadiyyat Məktəbinin professoru Nick Couldry süni intellektdən məzmun istehsalı üçün istifadə olunmasının kino sektorunu dəyişdirdiyini bildirib. O, artıq süni intellekt vasitəsilə kifayət qədər sayda və keyfiyyətdə məzmun hazırlamağın mümkün olduğuna diqqət çəkib. Couldry bu texnologiyaların kino və televiziya da daxil olmaqla yaradıcı sənayelər üçün dönüş nöqtəsi olduğunu bildirib. Bununla yanaşı, o, süni intellektlə hazırlanan bəzi məhsulların tamaşaçıların gözündə məzmunun dəyərini azalda və insanların sektora qoşulmaq istəyini zəiflədə biləcəyini vurğulayıb. Couldry bunun uzunmüddətli perspektivdə yaradıcı sektor üçün zərərli ola biləcək “sıradanlıq spiralı”na gətirib çıxara biləcəyini deyib. Onun sözlərinə görə, sektor əməkdaşları bu prosesə qətiyyətlə qarşı çıxaraq həmin spiralın qarşısını ala bilərlər.

Şahnigar Əhmədova, “İki sahil”