“Roblox” ətrafında həyəcan daha da artır
Uşaqlar üçün oyun kimi təqdim olunan “Roblox” ətrafında təhlükəsizlik müzakirələri son günlər yenidən qlobal gündəmə çıxıb. ABŞ Senatının Cinayət və Terrorizmlə Mübarizə üzrə Alt komitəsi platformada uşaqların təhlükəsizliyi ilə bağlı araşdırmaya başlayıb. Respublikaçı senator Coş Houli və demokrat senator Dik Durbin şirkətdən uşaqların istismarı, zorakılıq, bullinq və digər təhlükəsizlik məsələləri ilə bağlı sənədlər tələb ediblər. Senatorların diqqət çəkdikləri əsas məsələ platformanın uşaqların istifadə etdiyi rəqəmsal mühitdə mümkün cinayətkar davranışların qarşısını nə dərəcədə effektiv ala bilməsidir.
Qeyd etmək lazımdır ki, ABŞ Senatının açıqladığı iddialar hələ araşdırılır. Yəni platformada baş verdiyi iddia olunan hər hadisəni təsdiqlənmiş cinayət faktı kimi təqdim etmək düzgün deyil. Bununla belə, araşdırmanın başlanması problemin artıq yalnız valideynlərin narahatlığı səviyyəsində qalmadığını göstərir.

“Roblox” ətrafında yaranan vəziyyətə qlobal prizmadan baxdıqda daha ciddi mənzərə ortaya çıxır. ABŞ-da sözügedən oyunu ilə bağlı başladılan araşdırma yalnız bir platformanın təhlükəsizlik problemini gündəmə gətirmir. Avstraliyada aparılan yoxlamalar da uşaqların yetkin şəxslərlə arzuolunmaz əlaqələrə məruz qala bildiyini göstərib. Azərbaycanda da uşaqların böyük əksəriyyətinin istifadə etdiyi bu platforma fonunda əsas sual ortaya çıxır: Valideynlər övladlarının virtual mühitdə kimlə ünsiyyətdə olduğunu həqiqətən bilirlərmi?
Avstraliyanın onlayn təhlükəsizlik üzrə tənzimləyicisi “eSafety Commissioner”in araşdırması zamanı platformada yetkin istifadəçilərin uşaqlarla valideyn razılığı olmadan əlaqə yarada bilməsi ilə bağlı boşluqlar müəyyən edilib. Uşaqların profilləri və bəzi şəxsi məlumatlarının digər istifadəçilər üçün əlçatan olması da narahatlıq doğurub. Nəticədə “Roblox” uşaqların hesablarını daha məxfi etmək, yetkin şəxslərin uşaqlara mesaj göndərməsinin qarşısını alacaq mexanizmləri gücləndirmək və təhlükəsizlik sistemlərini müstəqil auditdən keçirmək barədə hüquqi qüvvəyə malik öhdəlik götürüb. Bu fakt xüsusilə diqqətçəkəndir. Çünki söhbət sadəcə “Azyaşlılar oyunda yad insanlarla danışa bilərlər” ehtimalından getmir. Söhbət həmin ünsiyyətin sonradan uşağın şəxsi məlumatlarının əldə edilməsi, onun etimadının sui-istifadəsi və daha təhlükəli əlaqəyə çevrilə bilməsi ehtimalından gedir. Avstraliya tənzimləyicisi də bildirir ki, onlayn oyun mühitləri uşaqlara çıxış əldə etmək istəyən şəxslər üçün ilk əlaqə ünvanına çevrilə bilər və irəliləyən zamanlarda ünsiyyət başqa mesajlaşma platformalarına keçirilə bilər.
“Oyun” anlayışı artıq dəyişib
Məsələnin ən vacib tərəfi də budur. “Roblox”u yalnız uşağın qarşısında oturub oyun oynadığı platforma kimi qəbul etmək təhlükənin miqyasını kiçildir. Belə ki, bu platformada istifadəçilər öz oyunlarını yarada, başqa insanların hazırladığı virtual dünyalara qoşula və bir-birləri ilə ünsiyyət qura bilirlər. Buna görə də burada oyun, sosial şəbəkə və kommunikasiya platforması arasındakı sərhədlər müəyyən qədər bir-birinə qarışır. Məhz bu səbəbdən müxtəlif ölkələrdə tənzimləyicilər artıq yalnız məzmunun filtrasiya olunmasını deyil, uşağın platformada kiminlə əlaqə qura bildiyini, yaşın necə müəyyənləşdirildiyini və yetkin şəxslərin uşaqlara çıxış imkanlarının necə məhdudlaşdırıldığını araşdırırlar.
Avstraliyada 2026-cı ildən etibarən “Roblox” istifadəçilərinin ünsiyyət funksiyalarından yararlanması üçün yaşın müəyyənləşdirilməsi mexanizmləri tətbiq edilir. Şirkət 18 yaşdan yuxarı istifadəçilərin 16 yaşdan aşağı şəxslərlə valideyn razılığı olmadan ünsiyyətini məhdudlaşdırma öhdəliyi də götürüb.

Bəs Azərbaycanda?
Məsələnin Azərbaycan üçün də əhəmiyyəti məhz burada başlayır. “Roblox” ölkəmizdə də uşaqların əksəriyyətinin istifadə etdiyi rəqəmsal platformalardan biridir. Buna görə ABŞ və Avstraliyada bu barədə ortaya çıxan təhlükəsizlik məsələlərinə yalnız xarici ölkələrin problemi kimi baxmaq düzgün olmaz.
Nəzərə almaq lazımdır ki, azərbaycanlı uşağın ABŞ, Avstraliya və yaxud başqa bir ölkədəki istifadəçi ilə eyni virtual mühitdə qarşılaşması mümkündür. Bu baxımdan platformanın hansı ölkədə fəaliyyət göstərdiyi deyil, uşağın qarşı tərəfdə kimin olduğundan nə dərəcədə xəbərdar olduğu və platformanın onu hansı mexanizmlərlə qoruduğu daha vacib məsələdir. Üstəlik, uşaqların virtual mühitdəki davranışları çox vaxt valideynlərin nəzarət imkanlarını üstələyir. Valideyn “Uşağım sadəcə oyun oynayır” düşüncəsi ilə cihazı ona verə bilər. Halbuki həmin oyun daxilində çat, dostluq sorğuları, səsli ünsiyyət, virtual alış-veriş və başqa istifadəçilərlə əlaqə imkanları mövcuddur. Belə bir vəziyyətdə valideyn nəzarəti yalnız ekran qarşısında keçirilən vaxtın məhdudlaşdırılması ilə bitməməlidir. Uşağın kimlə danışdığı, hansı şəxsi məlumatları paylaşdığı, tanımadığı istifadəçilərdən gələn dostluq və mesaj sorğularına necə reaksiya verdiyi də diqqətdə saxlanmalıdır.
Burada valideynlər üçün yanlış istiqamətə getmək də mümkündür. Problemi yalnız “Roblox uşaqlar üçün təhlükəlidir” formasında təqdim etmək doğru olmaz. Əsas məsələ platformanın özündən çox, uşaqların rəqəmsal savadlılığı və platformanın təhlükəsizlik mexanizmlərinin real həyatda nə qədər işləməsidir. Çünki “Roblox”un özünün təhlükəsizlik tədbirləri tətbiq etməsi də problemin tam həll olunduğu anlamına gəlmir. Avstraliyadakı son araşdırmanın nəticələri göstərir ki, əvvəlki təhlükəsizlik tədbirlərindən sonra belə müəyyən boşluqlar qala bilir. Məhz buna görə tənzimləyici platformadan müstəqil audit və əlavə qoruyucu mexanizmlər tələb edib. ABŞ-dakı araşdırma da bu baxımdan əhəmiyyətlidir. Əgər dünyanın müxtəlif ölkələrində eyni platforma ilə bağlı oxşar suallar meydana çıxırsa, məsələni ayrı-ayrı hadisələr kimi deyil, uşaqların rəqəmsal platformalarda təhlükəsizliyi probleminin bir hissəsi kimi qiymətləndirmək lazımdır.
“Roblox” məsələsi Azərbaycandakı valideynlər üçün də bir siqnaldır. Uşağın hansı oyunu oynadığını bilmək kifayət etmir. O oyunun daxilində kimlərlə ünsiyyət qurduğunu və həmin platformanın uşağı necə qoruduğunu bilmək də artıq valideyn məsuliyyətinin bir hissəsinə çevrilir. Bu səbəbdən Azərbaycanda da uşaqların geniş istifadə etdiyi oyun platformalarında təhlükəsizlik mexanizmlərinin nə dərəcədə effektiv olmasına, valideyn nəzarətinin hansı səviyyədə tətbiq edilməsinə və uşaqların onlayn “grooming” kimi risklər barədə maarifləndirilməsinə xüsusi diqqət ayrılmalıdır.
Şahnigar Əhmədova, “İki sahil”