14 avqust 2026 12:37
107

Gələcəyin məzunu yalnız iş axtaran deyil, dəyişiklikləri qabaqlayan mütəxəssis olmalıdır - Şahin Bayramov

Qarabağ Universitetində tələbələrin dəyişən əmək bazarına hazırlanmasında süni intellekt, data analitikası, rəqəmsal texnologiyalar və beynəlxalq peşə standartlarına xüsusi diqqət yetirilir.

Dinamik şəkildə dəyişən müasir əmək bazarında universitetə bu gün daxil olan gəncin 5–10 ildən sonra hansı peşədə çalışacağını dəqiq proqnozlaşdırmaq artıq mümkün deyil. Bu baxımdan müasir universitetin əsas vəzifəsi tələbəni yalnız konkret peşəyə deyil, daim dəyişən peşələr dünyasına hazırlamaqdır.

Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “İki sahil”ə özəl müsahibəsində söyləyib.

Qarabağ Universitetinin rektoru, professor Şahin Bayramov bildirib ki, universitetin əsas yanaşması tələbənin məzun olduqdan sonra yalnız bir ixtisas üzrə biliklərə deyil, həm də yeni bilikləri müstəqil şəkildə mənimsəmək, onları müxtəlif situasiyalarda tətbiq etmək və dəyişən tələblərə uyğunlaşmaq bacarığına sahib olmasıdır.

Onun sözlərinə görə, bu yanaşmadan irəli gələrək tədris proqramlarında süni intellekt, data analitikası, proqramlaşdırma, rəqəmsal texnologiyalar, analitik və tənqidi düşüncə, kommunikasiya və komanda işi kimi kompetensiyaların inkişafına xüsusi diqqət yetirilir.

Rektor nümunə olaraq Oksford Universitetinin alimləri ilə birgə hazırlanan *“İqtisadiyyat”* proqramını göstərib. O qeyd edib ki, proqramda iqtisadi biliklərlə yanaşı, data analitikası, süni intellekt və proqramlaşdırma komponentləri də yer alır.

“Bu, gələcəyin iqtisadçısının yalnız iqtisadi nəzəriyyəni bilməsi deyil, böyük həcmli məlumatlarla işləyə, onları təhlil edə və texnologiyalardan istifadə etməklə qərarvermə prosesinə töhfə verə bilməsi deməkdir”, – deyə Şahin Bayramov vurğulayıb.

Rektor qeyd edib ki, gələcəyin əmək bazarına hazırlıq yalnız rəqəmsal bacarıqlarla məhdudlaşmır. Bu baxımdan akademik proqramların beynəlxalq peşə standartlarına uyğunluğuna da böyük əhəmiyyət verilir.

Şahin Bayramov bildirib ki, universitetin mühüm nailiyyətlərindən biri Biznes və İqtisadiyyat fakültəsinin *“Mühasibat” və “Maliyyə”* proqramlarının ACCA tərəfindən beynəlxalq akkreditasiyadan keçirilməsidir. Onun sözlərinə görə, Qarabağ Universitetinin ilk beynəlxalq proqram akkreditasiyası kimi tarixə düşən bu nəticə həmin proqramların məzmununun və təlim nəticələrinin beynəlxalq peşə standartlarına uyğunluğunu təsdiqləyir.

“Bu, tələbələrimiz üçün yalnız akademik keyfiyyət göstəricisi deyil, həm də gələcək peşə fəaliyyətlərində beynəlxalq səviyyədə tanınan kompetensiyalar qazanmaq baxımından mühüm üstünlükdür”, – deyə rektor qeyd edib.

Tibb təhsilində tətbiq olunan inteqrasiya olunmuş və kompetensiyaya əsaslanan yanaşmanın da bu fəlsəfəyə söykəndiyini vurğulayan Şahin Bayramov burada simulyasiya və klinik bacarıqların inkişafı, eləcə də tədqiqat düşüncəsinin formalaşdırılmasına xüsusi diqqət yetirildiyini bildirib.

Rektor qeyd edib ki, Pedaqoji, İncəsənət, Humanitar və Sosial Elmlər fakültələrində tətbiq olunan müasir və yeni məzmunlu təhsil proqramları da tələbələrin öz ixtisasları üzrə nəzəri biliklərlə yanaşı, əmək bazarının perspektiv ehtiyaclarına uyğun praktiki bilik və bacarıqlar əldə etmələrinə imkan yaradır.

Universitetdə süni intellektlə bağlı tələbə təşəbbüslərinin və elmi tədbirlərin təşviqinin də bu yanaşmanın mühüm hissəsi olduğunu bildirən rektor *“Süni intellektlə təhsilin yenidən formalaşdırılması”* mövzusunda tələbə elmi konfransının təşkilini buna nümunə göstərib.

Şahin Bayramov vurğulayıb ki, universitet üçün gələcəyin məzunu yalnız iş axtaran deyil, dəyişiklikləri qabaqlayan, yeni imkanlar yaradan və öz biliklərini daim yeniləyə bilən mütəxəssis olmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”