14 avqust 2026 16:25
163

Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi: Naxçıvanda yeni inkişaf mərhələsi

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvana növbəti uğurlu səfəri Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirinin təsdiqi və təntənəsidir. Cənab Prezidentin son 23 ilə yaxın müddət ərzində gördüyü işlərin nəticəsində bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi 17-ci səfəri bu bölgəmizin sosial-iqtisadi, mədəni və strateji inkişafında növbəti tarixi mərhələnin əsasını qoydu. Dövlət başçısının qeyd etdiyi kimi, bu səfər və onun çərçivəsində keçirilən silsilə tədbirlər Muxtar Respublikanın hərtərəfli tərəqqisinə dövlət qayğısının bariz göstəricisidir.

Qloballaşan dünyada kosmopolitizm meyllərinin artdığı indiki mərhələdə milli kimliyin,  milli ruhun, mədəniyyətin, dilin, ədəbiyyatın, tarixin qorunması asan məsələ deyil. Ölkə Prezidentinin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində xüsuilə bu amillərin qorunmasını önə çəkməsi və  tariximizin, mədəniyyətimizin, görkəmli şəxsiyyətlərimizin qürur mənbəyimiz olduğunu vurğulaması bizi qəlbən çox fərəhləndirdi. Milli dəyərlərimizin, tarixi və mədəni irsimizin qorunmasının vacibliyini və məsuliyyətini qarşımıza əsas məqsəd kimi qoydu. Cənab Prezident İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər sovet gerçəkliyinin canlı əfsanəsi və milli dövlətçiliyin banisi, azərbaycançılıq ideyasının müəllifi Ulu Öndər Heydər Əliyevin milli ideya və ideallar uğrunda vaxtilə yorulmadan apardığı mübarizəsinə ali qiymət və sədaqətin nümunəsidir.  “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.

Ölkə Prezidentinin son 20 ildə dövlət büdcəsinin hesabına Naxçıvanda geniş quruculuq işlərinin aparılmasını qeyd etməsi, mədəni irsə münasibət, dünya və milli mədəni irsinin qorunması istiqamətində nəcib əməlləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da bu səfərdə cənab Prezidenti müşayiət etməsi, həmçinin dünya memalıq incilərindən sayılan Möminə xatın türbəsinin bərpası ilə yaxından tanış olması və görüləcək işlərə öz tövsiyəsini verməsi, memar Əcəmi Naxçıvaninin abidəsinin açılışı mədəni, mənəvi və  milli irsin qorumasına davamlı dövlət qayğısının göstəricisi kimi çox mühüm əhəmiyyət kəsb edir.  

Cənab Prezidentimiz İlham Əliyev Naxçıvanla bağlı bütün bu işlərin artıq sistemli şəkildə davam etdiyini, Naxçıvanın hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasını vurğulaması, Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdirilməsi və Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydalarının təkmilləşməsinin vacibliyini bəyan etməsi əslində çox vacib mətləblərə aydınlıq gətirdi.

Prezidentin “Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar” fikri uzun illər blokadanın və idarəetmə üsulunun yaratdığı çətinliklərin artıq geridə qalmasını və insanların firavan günlər yaşaması üçün xalqın inam və ilham mənbəyindən gözlədiyi xoş müjdə və bu kiçik yazımın isə ona minnətdarlıq ifadəsidir! 

Cənab Prezidentin Naxçıvana səfərindən dərhal sonra muxtar respublikanın sosial –iqtisadi inkişafı ilə əlaqədar əlavə tədbirlər görülməsi məqsədilə 258 milyon vəsaitin ayrılması üçün qərar qəbul etməsi və Naxçıvan Dövlət Universiteti üçün 1000 yerlik müasir tələbə yataqxanasının tikiləcəyi xəbərini də böyük sevinc və minnətdarlıq duyğusu ilə qarşıladıq. Biz birlikdə güclüyük ideyasının təntənəsinə inam bəsləyərək xalqımızın  ilham aldığı cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu qədim sivilizasiyanın beşiyi Naxçıvana göstərdiyi diqqət və qayğısının təkcə son günlərdə deyil, hələ uzun müddət sevinci, xoş təəsüratı və minnətdarlıq hissi ilə yaşayacağımıza stimul verir.

Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı