Əsas məqsədimiz Xankəndidə müasir dünyanın tələblərinə cavab verən, tələbəyönümlü, tədqiqat və innovasiya yönümlü, beynəlxalq akademik mühitə inteqrasiya olunmuş yeni nəsil universitet modeli yaratmaqdır
Qarabağ Universiteti öz yaranma missiyası, yerləşdiyi məkan və inkişaf modeli baxımından Azərbaycanın ali təhsil sistemində xüsusi mövqeyə malikdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan və hazırda fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olan universitet, eyni zamanda, cəmi iki illik fəaliyyət tarixi ilə ölkənin ən gənc universitetlərindən biridir.
Qısa müddət ərzində institusional inkişaf, akademik keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tələbə nailiyyətlərinin artırılması istiqamətində mühüm nəticələr əldə edilib. Universitet rəhbərliyi hesab edir ki, bu dinamika Qarabağ Universitetinin sadəcə yeni yaradılmış ali təhsil müəssisəsi deyil, müasir universitet modelinin formalaşdırıldığı çevik və dinamik akademik platforma olduğunu göstərir.
Qarabağ Universitetinin rektoru, professor Şahin Bayramov “İki sahil”ə özəl müsahibəsində universitetin inkişaf fəlsəfəsi, qarşıya qoyulan strateji hədəflər, tələbəyönümlü təhsil modeli, rəqəmsallaşma, süni intellekt və yeni nəsil insan kapitalının formalaşdırılması ilə bağlı məsələlərə toxunub.
Şahin Bayramov ilk növbədə müsahibə üçün təşəkkürünü bildirərək qeyd edib ki, Qarabağ Universiteti yaranma missiyası, yerləşdiyi məkan və inkişaf modeli baxımından ölkənin ali təhsil sistemində xüsusi mövqeyə malikdir. Onun sözlərinə görə, universitet işğaldan azad edilmiş ərazilərdə yaradılmış və hazırda fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir. Eyni zamanda, cəmi iki illik fəaliyyət tarixinə malik Qarabağ Universiteti Azərbaycanın ən gənc universitetlərindən biridir.
Rektor vurğulayıb ki, bu baxımdan universitetin qarşısında həm tarixi məsuliyyət, həm də qısa müddətdə müasir və rəqabətqabiliyyətli ali təhsil modeli formalaşdırmaq kimi mühüm vəzifə dayanır.
“Qısa müddət ərzində universitetdə sürətli institusional böyümə, akademik keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tələbə nailiyyətlərinin artırılması istiqamətində mühüm nəticələr əldə etdik. Bu proses göstərdi ki, Qarabağ Universiteti sadəcə yeni yaradılmış ali təhsil müəssisəsi deyil, müasir universitet modelinin qurulduğu dinamik akademik platformadır”, – deyə Şahin Bayramov bildirib.
Rektorun sözlərinə görə, universitetin sürətli inkişafının əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ Universitetinə xüsusi diqqəti və davamlı dövlət dəstəyi dayanır.
Şahin Bayramov qeyd edib ki, dövlət başçısının 2025-ci ildə iki dəfə Qarabağ Universitetində olması, Qarabağ Universitetinin Klinikası və Tibb və Sağlamlıq Elmləri fakültəsinin tədris korpusunun, Biznes və İqtisadiyyat fakültəsinin yeni binasının açılışında iştirakı, Mühəndislik fakültəsinin yeni binasının təməlini qoyması universitetin inkişafına verilən strateji əhəmiyyətin bariz göstəricisidir.
O bildirib ki, universitet quruculuğu yalnız infrastruktur yaratmaqdan ibarət deyil. Rektorun sözlərinə görə, Qarabağ Universitetinin formalaşdırılmasında əsas məqsəd Xankəndidə müasir dünyanın tələblərinə cavab verən, tələbəyönümlü, tədqiqat və innovasiya yönümlü, beynəlxalq akademik mühitə inteqrasiya olunmuş yeni nəsil universitet modeli yaratmaqdır.
Şahin Bayramov vurğulayıb ki, bu modelin mərkəzində tələbə dayanır:
“Biz tələbəni yalnız bilik alan şəxs kimi deyil, universitet həyatının fəal iştirakçısı, tədqiqatçı, təşəbbüskar və gələcəkdə öz sahəsində dəyişiklik yarada biləcək mütəxəssis kimi görürük. Buna görə də təhsil proqramlarının hazırlanmasında fundamental akademik biliklərlə yanaşı, əmək bazarının və gələcəyin tələblərini də nəzərə alırıq”.
Rektor qeyd edib ki, data analitikası, süni intellekt, proqramlaşdırma, rəqəmsal bacarıqlar, analitik və tənqidi düşüncə, kommunikasiya və komanda işi kimi kompetensiyalar müxtəlif təhsil proqramlarının mühüm tərkib hissəsinə çevrilir.
O, rəqəmsallaşmaya yanaşmanın da yalnız texnologiyaların tətbiqi ilə məhdudlaşmadığını bildirib. Şahin Bayramovun sözlərinə görə, rəqəmsallaşma universitetin idarəetmə və təhsil fəlsəfəsinin ayrılmaz hissəsi kimi qəbul edilir. Əsas məqsəd çevik, şəffaf, məlumatlara əsaslanan və tələbə ehtiyaclarına sürətlə cavab verən müasir universitet ekosistemi formalaşdırmaqdır.
Qarabağ Universitetinin mühüm xüsusiyyətlərindən birinin milli missiya ilə qlobal baxışın vəhdəti olduğunu vurğulayan rektor qeyd edib ki, Xankəndidə fəaliyyət göstərən universitet kimi Qarabağın inkişafına, yeni insan kapitalının formalaşmasına və regionun elmi-intellektual potensialının gücləndirilməsinə töhfə vermək xüsusi məsuliyyət hesab olunur.
Bununla yanaşı, Şahin Bayramov bildirib ki, universitet tələbələri yalnız yerli deyil, beynəlxalq əmək bazarında da rəqabət apara biləcək səviyyədə hazırlamağa çalışır.
Rektor vurğulayıb ki, bütün bu yanaşmaların əsasında dəyişməyən əsas prinsip dayanır: müasir dünyanı anlayan, qlobal düşünən, yeni bilik və texnologiyaları mənimsəyən, eyni zamanda milli dəyərlərə bağlı və ölkəsinin gələcəyinə töhfə verməyə hazır insan kapitalı yetişdirmək.
Yaqut Ağaşahqızı, “İki sahil”
Gələcəyin məzunu yalnız iş axtaran deyil, dəyişiklikləri qabaqlayan mütəxəssis olmalıdır - Şahin Bayramov
Qarabağ Universitetində tədqiqat yönümlü inkişaf: “Scopus” nəşrlərinin sayı 62-yə çatıb
Şahin Bayramov: Qarabağ Universitetinin inkişafını regionun inkişafından ayrı təsəvvür etmirik