14 avqust 2026 11:30
191

Xankəndidən dünyaya açılan, qabaqcıl təcrübəni Qarabağa gətirən, Qarabağda yaratdığı dəyəri dünyaya çıxaran universitet - MÜSAHİBƏ

Şahin Bayramov: Qarabağ Universiteti sadəcə yeni yaradılmış ali təhsil müəssisəsi deyil, müasir universitet modelinin qurulduğu dinamik akademik platformadır

Ali təhsil müasir cəmiyyətin intellektual, elmi və iqtisadi inkişafını müəyyənləşdirən başlıca institutlardan biridir. Bu baxımdan yeni universitetin yaranması yalnız yeni təhsil imkanlarının yaradılması deyil, həm də fərqli akademik düşüncənin, elmi məktəbin və gələcəyə hesablanmış inkişaf modelinin formalaşdırılması deməkdir.

Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması bu prosesə xüsusi məzmun verir. Universitetin missiyası müasir təhsil standartlarına cavab verən mütəxəssislər hazırlamaqla yanaşı, elm və innovasiyanı inkişaf etdirmək, yüksək intellektual potensiala malik insan kapitalı formalaşdırmaq və Qarabağın davamlı inkişafına elmi töhfə vermək baxımından da əhəmiyyət daşıyır.

Sürətlə dəyişən texnoloji reallıq, süni intellektin geniş tətbiqi, əmək bazarının transformasiyası və qlobal akademik rəqabətin güclənməsi universitetlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu şəraitdə Qarabağ Universitetinin öz akademik kimliyini hansı prinsiplər üzərində qurduğu, elmi-tədqiqat və innovasiya potensialını necə inkişaf etdirdiyi, beynəlxalq akademik məkana inteqrasiyanı hansı istiqamətlərdə həyata keçirdiyi və Qarabağın gələcək inkişafına hansı elmi töhfələri verməyi hədəflədiyi xüsusi maraq doğurur.

Bu kontekstdə Qarabağ Universitetinin akademik fəlsəfəsi, elmi-tədqiqat və innovasiya gündəliyi, beynəlxalqlaşma strategiyası, tələbəyönümlü inkişaf modeli, eləcə də Qarabağın davamlı inkişafına verə biləcəyi elmi töhfələr və universitetin uzunmüddətli strateji hədəfləri barədə Qarabağ Universitetinin rektoru, professor Şahin Bayramovun baxışlarını öyrəndik.

-Salam Şahin müəllim, Qarabağ Universiteti ölkənin ali təhsil sisteminə yeni nəfəs gətirən ali təhsil müəssisələrimizdən biridir. Fikrinizcə, Qarabağ Universitetini digər ali təhsil müəssisələrindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Universitet hansı təhsil fəlsəfəsi üzərində qurulur?

-İlk növbədə, sizi və oxucuları salamlayır, müsahibə üçün təşəkkürümü bildirirəm. Məlum olduğu kimi, Qarabağ Universiteti öz yaranma missiyası, yerləşdiyi məkan və inkişaf modeli baxımından ölkəmizin ali təhsil sistemində xüsusi mövqeyə malikdir. Universitet işğaldan azad edilmiş ərazilərdə yaradılmış və hazırda fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir. Eyni zamanda, cəmi iki illik fəaliyyət tarixinə malik olan Qarabağ Universiteti ölkəmizin ən gənc universitetlərindən biridir. Bu baxımdan universitetin qarşısında həm tarixi məsuliyyət, həm də qısa müddətdə müasir və rəqabətqabiliyyətli ali təhsil modeli formalaşdırmaq kimi mühüm vəzifə dayanır.
Qısa müddət ərzində universitetdə sürətli institusional böyümə, akademik keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tələbə nailiyyətlərinin artırılması istiqamətində mühüm nəticələr əldə etdik. Bu proses göstərdi ki, Qarabağ Universiteti sadəcə yeni yaradılmış ali təhsil müəssisəsi deyil, müasir universitet modelinin qurulduğu dinamik akademik platformadır.
Universitetimizin bu sürətli inkişafının əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ Universitetinə xüsusi diqqəti və davamlı dövlət dəstəyi dayanır. Dövlət başçısının 2025-ci ildə iki dəfə universitetimizdə olması, Qarabağ Universitetinin Klinikası və Tibb və Sağlamlıq Elmləri fakültəsinin tədris korpusunun, Biznes və İqtisadiyyat fakültəsinin yeni binasının açılışında iştirakı, Mühəndislik fakültəsinin yeni binasının təməlini qoyması universitetimizin inkişafına verilən strateji əhəmiyyətin bariz göstəricisidir.
Eyni zamanda, bizim üçün universitet quruculuğu yalnız infrastruktur yaratmaqdan ibarət deyil. Qarabağ Universitetini formalaşdırarkən əsas məqsədimiz Xankəndidə müasir dünyanın tələblərinə cavab verən, tələbəmərkəzli, tədqiqat və innovasiya yönümlü, beynəlxalq akademik mühitə inteqrasiya olunmuş yeni nəsil universitet modeli yaratmaqdır.
Bu modelin mərkəzində tələbə dayanır. Biz tələbəni yalnız bilik alan şəxs kimi deyil, universitet həyatının fəal iştirakçısı, tədqiqatçı, təşəbbüskar və gələcəkdə öz sahəsində dəyişiklik yarada biləcək mütəxəssis kimi görürük. Buna görə də təhsil proqramlarının hazırlanmasında fundamental akademik biliklərlə yanaşı, əmək bazarının və gələcəyin tələblərini də nəzərə alırıq. Data analitikası, süni intellekt, proqramlaşdırma, rəqəmsal bacarıqlar, analitik və tənqidi düşüncə, kommunikasiya və komanda işi kimi kompetensiyalar müxtəlif proqramlarımızın mühüm tərkib hissəsinə çevrilir.
Eyni zamanda, biz rəqəmsallaşmanı yalnız texnologiyaların tətbiqi kimi deyil, universitetin idarəetmə və təhsil fəlsəfəsinin ayrılmaz hissəsi kimi qəbul edirik. Məqsədimiz çevik, şəffaf, məlumatlara əsaslanan və tələbə ehtiyaclarına sürətlə cavab verən müasir universitet ekosistemi formalaşdırmaqdır.
Qarabağ Universitetinin xarakterik cəhətlərindən biri də milli missiya ilə qlobal baxışın vəhdətidir. Biz Xankəndidə fəaliyyət göstərən universitet kimi Qarabağın inkişafına, yeni insan kapitalının formalaşmasına və regionun elmi-intellektual potensialının gücləndirilməsinə töhfə verməyi özümüz üçün xüsusi məsuliyyət hesab edirik. Eyni zamanda, tələbələrimizi yalnız yerli deyil, beynəlxalq əmək bazarında da rəqabət apara biləcək səviyyədə hazırlamağa çalışırıq.
Bütün bu yanaşmaların arxasında isə dəyişməyən bir prinsip dayanır: müasir dünyanı anlayan, qlobal düşünən, yeni bilik və texnologiyaları mənimsəyən, eyni zamanda milli dəyərlərə bağlı və ölkəsinin gələcəyinə töhfə verməyə hazır insan kapitalı yetişdirmək.

Biz istəyirik ki, tələbələr universiteti bitirərkən diplomla yanaşı,
real təcrübə, zəngin əlaqələr şəbəkəsi, beynəlxalq dünyagörüşü və
öz ideyalarını reallaşdırmaq cəsarəti də qazansınlar

-Qarabağ Universitetinin Xankəndidə yerləşməsi onun fəaliyyətinə və inkişaf istiqamətlərinə hansı xüsusi məna verir? Universitet Qarabağın gələcəyində hansı rolu oynamağı hədəfləyir?

-Qarabağ Universitetinin Xankəndidə fəaliyyət göstərməsi, şübhəsiz ki, universitetə xüsusi tarixi və mənəvi missiya verir. Lakin biz bu missiyanı yalnız simvolik müstəvidə deyil, konkret akademik nəticələrlə ifadə etmək istəyirik.
Biz Qarabağ Universitetini Qarabağda yeni insan kapitalının formalaşmasının, elmi, mədəni və ictimai həyatın inkişafının əsas mərkəzlərindən biri kimi görürük. Başqa sözlə, universitetin inkişafını regionun inkişafından ayrı təsəvvür etmirik.
Buna görə də Qarabağın bərpası və uzunmüddətli inkişafı ilə bağlı məsələlər həm kadr hazırlığı istiqamətlərində, həm də elmi gündəliyimizdə xüsusi yer tutur. Təmiz enerji, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf, kənd təsərrüfatı, innovativ infrastruktur, şəhərsalma, ekologiya, səhiyyə və sosial inkişaf kimi istiqamətlər üzrə tədqiqat potensialımızı gücləndirməyi hədəfləmişik.
Universitetimiz Xankəndinin yenidən mühüm akademik və intellektual mərkəzə çevrilməsinə əhəmiyyətli töhfə verir. Artıq müxtəlif ölkələrdən alimlərin, tələbələrin, ekspertlərin və gənclərin Xankəndidə bir araya gəldiyi beynəlxalq tədbirlər keçirilir. Bütün bu təşəbbüslər Xankəndinin yalnız universitet şəhəri deyil, həm də beynəlxalq intellektual dialoq məkanına çevrilməsi istiqamətində atılan addımlardır.
Regionda gedən quruculuq prosesi universitet üçün həm böyük məsuliyyət, həm də unikal elmi imkanlar yaradır. Perspektivdə universitetimizin timsalında Qarabağı müxtəlif sahələr üzrə tətbiqi tədqiqatların aparıldığı, innovativ həllərin sınaqdan keçirildiyi və yeni texnologiyaların tətbiq olunduğu unikal inkişaf platformasına çevirməyi hədəfləyirik.

-Bir az əvvəl qeyd etdiyiniz kimi, süni intellekt və rəqəmsal texnologiyalar əmək bazarını sürətlə dəyişir. Qarabağ Universiteti tələbələri gələcəyin peşələrinə necə hazırlayır?

-Həqiqətən də dinamik dəyişən müasir əmək bazarı şəraitində bu gün universitetə daxil olan bir gəncin 5–10 ildən sonra hansı peşədə çalışacağını tam dəqiqliklə proqnozlaşdırmaq artıq mümkün deyil. Buna görə də müasir universitet tələbəni yalnız konkret peşəyə deyil, dəyişən peşələr dünyasına hazırlamalıdır.
Bizim əsas yanaşmamız budur: tələbə universiteti bitirəndə yalnız bir ixtisas üzrə biliklərə deyil, yeni bilikləri müstəqil şəkildə öyrənmək, onları müxtəlif situasiyalarda tətbiq etmək və dəyişən tələblərə uyğunlaşmaq bacarığına da sahib olmalıdır.
Bu baxımdan tədris proqramlarımızda süni intellekt, data analitikası, proqramlaşdırma, rəqəmsal texnologiyalar, analitik və tənqidi düşüncə, kommunikasiya və komanda işi kimi kompetensiyaların inkişafına xüsusi diqqət yetirilir.
Məsələn, Oksford Universitetinin alimləri ilə birgə hazırladığımız “İqtisadiyyat” proqramında iqtisadi biliklərlə yanaşı data analitikası, süni intellekt və proqramlaşdırma komponentləri də yer alır. Bu, gələcəyin iqtisadçısının yalnız iqtisadi nəzəriyyəni bilməsi deyil, böyük həcmli məlumatlarla işləyə, onları təhlil edə və texnologiyalardan istifadə etməklə qərarvermə prosesinə töhfə verə bilməsi deməkdir.
Əlbəttə, gələcəyin əmək bazarına hazırlıq yalnız rəqəmsal bacarıqlarla məhdudlaşmır. Biz eyni zamanda akademik proqramlarımızın beynəlxalq peşə standartlarına uyğunluğuna böyük əhəmiyyət veririk. Ən mühüm nailiyyətlərimizdən biri Biznes və İqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” proqramlarının ACCA tərəfindən beynəlxalq akkreditasiyadan keçirilməsi olub. Qarabağ Universitetinin ilk beynəlxalq proqram akkreditasiyası kimi tarixə düşən bu nəticə həmin proqramların məzmununun və təlim nəticələrinin beynəlxalq peşə standartlarına uyğunluğunun təsdiqidir. Bu, tələbələrimiz üçün yalnız akademik keyfiyyət göstəricisi deyil, həm də gələcək peşə fəaliyyətlərində beynəlxalq səviyyədə tanınan kompetensiyalar qazanmaq baxımından mühüm üstünlükdür.
Tibb təhsilində tətbiq etdiyimiz inteqrasiya olunmuş və kompetensiyaya əsaslanan yanaşma, simulyasiya və klinik bacarıqların inkişafı, eləcə də tədqiqat düşüncəsinin formalaşdırılması da məhz bu fəlsəfəyə əsaslanır.
Eləcə də Pedaqoji, İncəsənət, Humanitar və Sosial Elmlər fakültələrində tətbiq olunan müasir və yeni məzmunlu təhsil proqramları tələbələrin öz ixtisasları üzrə nəzəri biliklərlə yanaşı, əmək bazarının perspektiv ehtiyaclarına uyğun praktiki bilik və bacarıqları mənimsəmələrinə əlverişli imkanlar yaradır.
Universitetdə süni intellektlə bağlı tələbə təşəbbüslərinin və elmi tədbirlərin təşviqi də bu yanaşmanın mühüm hissəsidir. “Süni intellektlə təhsilin yenidən formalaşdırılması” mövzusunda tələbə elmi konfransının təşkili buna nümunədir.
Bizim üçün gələcəyin məzunu yalnız iş axtaran deyil, dəyişiklikləri qabaqlayan, yeni imkanlar yaradan və öz biliklərini daim yeniləyə bilən mütəxəssis olmalıdır.

-Universitetin tədqiqat və innovasiya istiqamətində hansı nəticələri var? Elmin real iqtisadi və sosial dəyərə çevrilməsi üçün hansı model qurulur?

-Tədqiqat universitetinin formalaşdırılması Qarabağ Universitetinin uzunmüddətli hədəflərindən biridir. İlk illərdən akademik heyətin elmi fəaliyyətə cəlb olunması, gənc tədqiqatçıların yetişdirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində sistemli iş aparırıq.
Bunun nəticələrini artıq elmi nəşrlərimizdə görmək mümkündür. “Scopus” bazasında indekslənən nəşrlərimizin sayı 2024-cü ildə 6, 2025-ci ildə 26, 2026-cı ilin ilk altı ayında isə 30 olub. Beləliklə, universitetimizin fəaliyyət göstərdiyi iki akademik il ərzində “Scopus” bazasında indekslənən məqalələrin ümumi sayı 62-yə çatıb.
Əməkdaşlarımızın tədqiqatları “Scientific Reports”, “Journal of Environmental Management”, “IEEE Access”, “ACS Omega”, “RSC Advances” və digər beynəlxalq elmi jurnallarda dərc olunub.
Lakin bizim üçün yalnız nəşrlərin sayı əsas göstərici deyil. Əsas məsələ elmi nəticələrin real problemlərin həllinə və innovativ məhsullara çevrilməsidir.
Bunun üçün universitet–sənaye əməkdaşlığının inkişafına xüsusi önəm veririk. SOCAR ilə əməkdaşlıq, həmçinin Azərbaycan Beynəlxalq Bankı, Dövlət Vergi Xidməti, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Dövlət Neft Fondu və Bakı Fond Birjası kimi qurumlarla əməkdaşlıq tələbələrin və akademik heyətin real sektorla əlaqəsini gücləndirir.
Növbəti mərhələdə məqsədimiz bu əməkdaşlıqları daha çox birgə tədqiqat, tətbiqi layihə, startap və innovasiya istiqamətinə yönəltməkdir.
İstəyirik ki, universitetdə yaranan hər bir ideya, əldə edilən hər bir tədqiqat nəticəsi auditoriyada qalmasın, real məhsul və ya xidmətə çevrilə bilsin.

-Qarabağ Universitetində tələbə həyatı və tələbələrin şəxsi inkişafı üçün hansı imkanlar yaradılıb?Universitet tələbələrinə yalnız diplom deyil, hansı əlavə üstünlükləri qazandırır?

-Bizim üçün universitet həyatı auditoriya ilə məhdudlaşmır. Tələbənin universitetdə keçirdiyi illər onun yalnız peşəkar deyil, həm də şəxsiyyət kimi formalaşdığı, dünyagörüşünün genişləndiyi və öz potensialını kəşf etdiyi mühüm bir mərhələdir. Buna görə də tələbələrimizin elmi, intellektual, innovativ, sosial, mədəni və idman fəaliyyətlərində fəal iştirakını dəstəkləyən geniş imkanlar yaradırıq.
Bu yanaşmanın nəticələrini tələbələrimizin müxtəlif sahələrdə qazandığı uğurlarda görmək mümkündür. Məsələn, “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında 29 ali təhsil müəssisəsindən 352 tələbə arasında Qarabağ Universitetinin tələbələri birinci və ikinci yerləri qazanıblar. Bu nəticə tələbələrimizin yalnız universitet daxilində deyil, ölkə miqyasında akademik rəqabətə hazır olduqlarını göstərir.
İnnovasiya və texnologiya sahəsində də tələbələrimizin fəallığı diqqətçəkəndir. Tələbələrimiz Beynəlxalq STEAM Azərbaycan Festivalında, Beynəlxalq Astronavtika Konqresində və müxtəlif innovasiya platformalarında universitetimizi layiqincə təmsil ediblər. Tələbələrin hazırladığı bir sıra innovativ layihələr beynəlxalq forum və sərgilərdə maraqla qarşılanıb. “Enactus Qarabağ” komandamızın Azərbaycan üzrə qalib olaraq Tailandda Dünya Kubokunda ölkəmizi təmsil etməsi, tələbələrimizin Türkiyədə keçirilən “Türk Dünyası PUA” yarışında üçüncü yerə layiq görülməsi də bu istiqamətdəki uğurlarımız sırasındadır.
Elmi-tədqiqat fəaliyyətinə tələbələrin erkən mərhələdə cəlb olunmasına da xüsusi əhəmiyyət veririk. Universitetimizdə təşkil olunan “EDU-con 2026” və “Gələcəyin Mühəndisi” kimi platformalar tələbələrə öz elmi ideyalarını təqdim etmək, tədqiqat aparmaq və müxtəlif sahələrdən olan həmyaşıdları ilə fikir mübadiləsi aparmaq imkanı yaradır. Bu cür təşəbbüslər tələbələrdə araşdırma mədəniyyətinin və elmi düşüncənin formalaşmasına xidmət edir.
Beynəlxalq təcrübə və dünyagörüşünün formalaşması da tələbə həyatımızın mühüm istiqamətlərindəndir. QUMUN 2026 Beynəlxalq BMT Modeli konfransında 20-dən çox ölkədən 100-dən artıq iştirakçının Xankəndidə bir araya gəlməsi tələbələrimiz üçün beynəlxalq dialoq və əməkdaşlıq mühiti yaradıb. Bu kimi tədbirlər gənclərimizin müxtəlif ölkələrdən olan tələbə gənclər ilə ünsiyyət qurmasına, qlobal məsələləri müzakirə etməsinə və öz fikirlərini beynəlxalq platformalarda ifadə etmək bacarıqlarının formalaşmasına imkan verir.
Tələbə həyatının mühüm istiqamətlərindən biri də incəsənət və yaradıcılıqdır. İncəsənət fakültəsinin tələbə və müəllimlərinin VIII və IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında təmsil olunması universitetimizin yalnız akademik deyil, həm də ölkənin mədəni həyatında fəal iştirak etdiyini göstərir. Biz tələbələrimizin yaradıcılıq potensialının üzə çıxarılmasını və onların milli mədəniyyətimizi beynəlxalq müstəvidə təmsil etməsini də mühüm inkişaf istiqaməti hesab edirik.
Bütün bunların məqsədi aydındır: Qarabağ Universitetinin məzunu yalnız öz ixtisasını yaxşı bilən mütəxəssis deyil, liderlik edə bilən, təşəbbüs göstərən, tədqiqat aparan, innovativ düşünən, komanda ilə işləyən, öz fikrini inamla ifadə edən və qlobal mühitdə rəqabət apara bilən şəxsiyyət kimi formalaşmalıdır. Biz istəyirik ki, tələbələr universiteti bitirərkən diplomla yanaşı, real təcrübə, zəngin əlaqələr şəbəkəsi, beynəlxalq dünyagörüşü və öz ideyalarını reallaşdırmaq cəsarəti də qazansınlar.

-Qarabağ Universitetinin beynəlmiləlləşməsi istiqamətində görülən işlər hansı mərhələdədir? Tələbələr üçün xarici universitetlərlə əməkdaşlıq hansı imkanları yaradacaq?

-Beynəlmiləlləşmə bizim üçün sadəcə xarici universitetlərlə memorandumların sayını artırmaq demək deyil. Əsas məqsəd beynəlxalq əməkdaşlığı tələbənin və müəllimin real akademik imkanlarına çevirməkdir.
2025/2026-cı tədris ilində Qarabağ Universitetinin Türk Universitetlər Birliyinə – TÜRKÜNİB-ə üzv qəbul olunması bu baxımdan mühüm institusional addım olub.
İstanbul Texniki Universiteti, Ankara Universiteti, Hacettepe Universiteti, Başkent Universiteti, Qazi Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, Ankara Hacı Bayram Veli Universiteti, Əl-Farabi adına Qazax Milli Universiteti və digər ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub və inkişaf etdirilir.
Bu əməkdaşlığın tələbə üçün konkret nəticələrindən biri 2026/2027-ci tədris ilində İstanbul Texniki Universiteti ilə 4 mühəndislik ixtisası üzrə beynəlxalq ikili diplom proqramlarının başlanmasıdır.
Bu proqramlarda iştirak edən tələbə yalnız iki universitetin akademik imkanlarından yararlanmayacaq. O, beynəlxalq akademik mühit, qabaqcıl mühəndislik təcrübəsi və qlobal əmək bazarına çıxış baxımından da əlavə imkanlar əldə edəcək.
Bundan başqa, ingilis dilində tədrisin genişləndirilməsi, akademik mobillik, xarici professorların universitetə cəlb olunması və tələbələrimizin xarici universitetlərdə təhsil və tədqiqat imkanlarının artırılması üzərində çalışırıq.
Biz istəyirik ki, Qarabağ Universitetinə daxil olan tələbə Xankəndidə yüksək keyfiyyətli təhsil alsın, amma akademik dünyası Xankəndi ilə məhdudlaşmasın.

-Qarabağ Universitetini 5–10 il sonra necə görürsünüz? Universitetin uzunmüddətli strateji hədəfləri nələrdir?

-Qarabağ Universitetinin qarşısında kifayət qədər iddialı hədəflər dayanır. Bir daha vurğulayıram ki, biz universitetimizi müasir, tələbəmərkəzli, tədqiqat əsaslı, innovasiya yönümlü və beynəlxalq rəqabətqabiliyyətli ali təhsil və elm mərkəzi kimi formalaşdırmaq istəyirik.
Bunun üçün bir neçə əsas istiqamət bizim üçün prioritetdir: akademik proqramların keyfiyyətinin davamlı yüksəldilməsi və beynəlxalq akkreditasiyasının genişləndirilməsi, güclü akademik və tədqiqatçı heyətin formalaşdırılması, elmi nəşrlərin keyfiyyət və təsir göstəricilərinin artırılması, tətbiqi tədqiqat və innovasiyanın inkişafı, sənaye və dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq ikili diplom və mobillik proqramlarının artırılması, ingilisdilli təhsilin genişləndirilməsi, eləcə də təhsil, tədqiqat, idarəetmə və kampus infrastrukturunu data, süni intellekt və rəqəmsal texnologiyalar əsasında birləşdirən “ağıllı universitet” ekosisteminin formalaşdırılması.
Bizim üçün “ağıllı universitet” yalnız texnoloji həllərin tətbiqi demək deyil. Burada məqsəd tələbə və müəllim üçün daha fərdiləşdirilmiş təhsil imkanları yaratmaq, idarəetmə qərarlarını data və analitika əsasında qəbul etmək, universitet resurslarından daha səmərəli istifadə etmək və bütün əsas akademik və inzibati xidmətləri vahid rəqəmsal mühitdə inteqrasiya etməkdir. Beləliklə, texnologiya universitet həyatının ayrı-ayrı sahələrinə deyil, bütövlükdə universitetin fəaliyyət modelinə xidmət edəcək.
2026/2027-ci tədris ilində Qarabağ Universiteti 758-i Azərbaycan, 645-i ingilis dilində olmaqla, ümumilikdə 1403 qəbul planı üzrə 49 ixtisasla, o cümlədən İstanbul Texniki Universiteti ilə 4 mühəndislik ixtisası üzrə ikili diplom proqramları ilə yeni mərhələyə qədəm qoyur. Növbəti tədris ilində universitetdə 3000-dən çox tələbənin və 500-dən çox akademik, inzibati və texniki heyət üzvünün fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
Amma bütün bunlarla yanaşı, bizim üçün ən mühüm göstərici rəqəmlər deyil. Biz Qarabağ Universitetini Xankəndidə elmin, təhsilin, innovasiyanın və mədəni həyatın aparıcı mərkəzlərindən biri, eyni zamanda Azərbaycanın beynəlxalq akademik məkanda tanınan universitetlərindən biri kimi görürük.
İstəyirik ki, universitetimiz istedadlı gənclərin və alimlərin seçdiyi, beynəlxalq tərəfdaşların əməkdaşlıq etmək istədiyi, yeni ideyaların yarandığı və həmin ideyaların real nəticələrə çevrildiyi bir akademik mərkəz olsun.
Ən əsası isə Qarabağ Universitetinin Qarabağın dirçəlişinə yalnız kadr hazırlamaqla deyil, eləcə də elm, innovasiya, sahibkarlıq və yeni ideyalar vasitəsilə töhfə verməsini istəyirik.
Bizim üçün Qarabağ Universitetinin gələcəyinin ən doğru ifadəsi bəlkə də budur: Xankəndidən dünyaya açılan, dünyadakı qabaqcıl bilik və təcrübəni Qarabağa gətirən, Qarabağda yaratdığı dəyəri isə dünyaya çıxaran universitet.

Yaqut Ağaşahqızı, “İki sahil”