İtaliya Futbol Federasiyası (FIGC) 2027-ci ildə keçiriləcək FİFA prezident seçkilərində Canni İnfantinonu dəstəkləməyəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə federasiya prezidenti Covanni Malaqo FIGC-nin rəsmi saytına açıqlamasında bildirib.
"Futbolun idman prinsiplərinə, həmrəyliyə, davamlılığa və azarkeşlərin əsas roluna söykənən inkişafı üçün UEFA və digər Avropa federasiyaları ilə əməkdaşlığı davam etdirəcəyik. Futbolun inkişafına və yeniliklərin tətbiqinə imkan verən, eyni zamanda onun əsas prinsiplərini qoruyan dialoq, açıqlıq və ortaq məsuliyyət modelini dəstəkləyirik".
Qeyd edək ki, daha əvvəl İnfantino əsas kişi və qadın futbol turnirlərinə nəzarət edəcək FİFA Forward Enterprise şirkətinin yaradılması təşəbbüsü ilə çıxış edib. FİFA-nın hesablamalarına görə, bu layihənin həyata keçirilməsi təxminən 4,2 milyard dollar əlavə gəlir gətirə, həmçinin təşkilata üzv assosiasiyaların gəlirlərinin artmasına və dünya futbolunun inkişafına töhfə verə bilər.
Lakin bu təşəbbüs bir sıra futbol konfederasiyaları və təşkilatların ciddi etirazına səbəb olub. UEFA, KONKAKAF, AFC və KONMEBOL layihəni dəstəkləməkdən imtina edib. UEFA, həmçinin bu konsepsiyadan rəsmi şəkildə imtina olunana qədər FİFA-nın təşkil etdiyi turnirləri boykot etmək niyyətində olduğunu açıqlayıb.