“Volkswagen”in Almaniyanın Osnabrük şəhərindəki zavodundan gələcəkdə hərbi təyinatlı avadanlıqların istehsalında istifadə olunması nəzərdən keçirilir.
“İki sahil” xəbər verir ki, “Bild” qəzetinin yaydığı məlumata əsasən, İsrailin “Rafael Advanced Defense Systems” şirkəti ilə əməkdaşlıq çərçivəsində zavodda “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi üçün dəstək avadanlıqlarının - raketlərin daşınması üçün ağır yük avtomobilləri, buraxılış qurğuları və elektrik generatorları və s. istehsalı planlaşdırılır.
Əməkdaşlığın həyata keçirilməsi üçün zavodun istifadəsi ilə bağlı müxtəlif variantlar müzakirə olunur. Məlumata görə, “Volkswagen”in səhmdarlarından olan Qətərin mümkün etirazları nəzərə alınaraq, Aşağı Saksoniya əyalətinin zavodun müəyyən hissəsini öz nəzarətinə götürməsi və “Rafael” ilə birgə müəssisə yaratması variantı nəzərdən keçirilir. Bu halda “Volkswagen” İsrail şirkəti ilə birbaşa əməkdaşlıq etməyəcək.
Qəzetin məlumatına əsasən, Aşağı Saksoniya əyalətinin Baş naziri Olaf Lies əyalətin Osnabrük zavodunun gələcəyi üçün mümkün sənaye həllərində iştirak imkanlarını araşdırdığını bildirib. Onun sözlərinə görə, zavod yüksəkixtisaslı əməkdaşlara və güclü texniki potensiala malikdir.
Qeyd edək ki, Osnabrük zavodunda “T-Roc Cabrio” modelinin istehsalının gələn il başa çatması planlaşdırılır. “Volkswagen” rəhbərliyi və işçilərin nümayəndələri müəssisənin gələcək istifadəsi üçün alternativ imkanların araşdırılması barədə razılığa gəliblər. İndiyədək zavodda hərbi avtomobillərin yalnız ayrı-ayrı prototipləri istehsal olunub.