29 avqust 2026 08:43
86

Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib

Pentaqonun rəhbəri Pit Heqset “NBC News” telekanalının onun 2028-ci il seçkilərində ABŞ prezidenti postuna namizəd olmaq niyyəti ilə bağlı məlumatını təkzib edib.

“İki sahil” xəbər verir ki, Pit Heqset “X” hesabında bunun yalan olduğunu yazıb.

“Bu, tam yalandır. Biz bunu NBC-yə demişdik, lakin onlar sadəcə olaraq anonim mənbələr vasitəsilə yalan danışırlar. Mənim yeganə məqsədim Müdafiə Nazirliyini yenidən böyük etməkdir”, – deyə Pit Heqset bildirib.

Daha əvvəl “NBC News” mənbələrə istinadən xəbər verib ki, Pit Heqset yaxın ətrafı ilə 2028-ci ildə prezident postuna iddia etmək imkanını müzakirə edib.

“The Washington Post” qəzeti də mənbələrə istinadən bildirib ki, ABŞ lideri Donald Tramp Respublikaçılar Partiyasının sponsorlarına prezident seçkilərində vitse-prezident Cey Di Vensi ali dövlət postuna namizəd qismində görmək istədiyini söyləyib.