ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqları üçün istifadə olunan gəmini ələ keçirib və ekipajı yoxlayıb saxladıqdan sonra gəmini batırıblar.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
“ABŞ dəniz piyadaları və hərbi dənizçiləri "San Antonio" desant gəmisindən düşərək gəmini ələ keçirib, yoxlayıb və təhlükəsizliyini təmin ediblər. Əməliyyat zamanı heç bir insident baş verməyib. Gəmidə olan şəxslər Ekvadora təhvil verilib. Əməliyyat başa çatdıqdan sonra ABŞ hərbçiləri gəmini batırıblar”, – deyə komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Qeyd olunur ki, əməliyyat “Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq şəraitində” həyata keçirilib.
Cənub Komandanlığının məlumatına görə, sözügedən gəmi üzən yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərib və Sakit okeanın beynəlxalq sularında narkotik maddələrin qaçaqmalçılığı zamanı istifadə olunub.
“Kəşfiyyat məlumatları təsdiqləyib ki, gəmi Ekvadorun ən böyük narkokartellərindən biri olan "Los Choneros"un maraqları naminə fəaliyyət göstərib”, – deyə məlumatda qeyd olunub.