29 avqust 2026 13:13
81

Çin səfirliyi: ABŞ sanksiyaları qlobal iqtisadi nizama təhlükə yaradır

ABŞ-ın İrana qarşı başlatdığı iqtisadi müharibə vəziyyətin nizamlanmasına kömək etmir, əksinə, yalnız gərginliyi artırır və dünya maliyyə sisteminin sabitliyini pozmaq təhlükəsi yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Çan cümə günü TASS-a bildirib.

“Çin beynəlxalq hüquqa heç bir şəkildə söykənməyən və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşı olduğunu dəfələrlə açıq şəkildə bəyan edib”, – deyə diplomatik nümayəndəlik rəsmisi ABŞ-nin İrana qarşı sanksiya siyahısına Çinin logistika şirkətinin daxil edilməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, sanksiya müharibəsi və maksimum təzyiq problemin həlli yolu deyil.

“Əksinə, onlar yalnız gərginliyi artırır və təhdidlərin yayılmasına şərait yaradır. Bu isə dünya iqtisadi və maliyyə nizamının, eləcə də digər ölkələrin qanuni hüquq və maraqlarının pozulmasına gətirib çıxarır”, – deyə səfirliyin mətbuat katibi vurğulayıb.