31 avqust 2026 19:57
100

Polşa öz xilaskarlarını nə tez unudub?

Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı ona bildirilib ki, 26 avqust 2026-cı il tarixində Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) "Eastern Express" verilişində Azərbaycan əleyhinə yayımlanmış süjetdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv və tamamilə qəbuledilməz iddiaların yer alması, habelə veriliş zamanı aparıcının təxribat xarakterli davranışı ilə bağlı kəskin etiraz bildirilib, bununla əlaqədar qarşı tərəfə etiraz notası təqdim edilib.

Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində qətiyyətli səylər göstərdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılmasının sual doğurduğu vurğulanıb.

Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım orqanında Azərbaycana qarşı mənfi xarakterli məzmunun yayımlanması ölkələrimiz arasında mövcud tərəfdaşlıq ruhuna zidd olan və ikitərəfli münasibətlərə ciddi zərər vurmaq və qeyri-dost addım kimi qiymətləndirilib.

Səfirdən tələb olunub ki, onun hökuməti Azərbaycanı hədəf alan bu cür təxribatçı kampaniyaların dayandırılması istiqamətində təxirəsalınmaz və təsirli tədbirlər görməlidir.

Azərbaycanın Polşadan heç bir iddiası olmadığına görə qarşı tərəfdə kimlərinsə müxənnət hərəkətləri anlaşılmır.

Görünür, keçmişini yaddan çıxaran hakimiyyət unudub ki, II Dünya müharibəsində Polşanın faşizm əsarətindən xilas edən ölüm-dirim savaşında minlərlə azərbaycanlı iştirak edərək həlak olub. Onların bir çoxu Polşanın milli-müqavimət dəstələrində döyüşüb, partizan birləşmələrində faşistlərə ağır zərbələr vurublar. Varşavanın, Krakovun azad edilməsində azərbaycanlı döyüşçülər də fərqləniblər. Onlar məşhur Visla-Oder əməliyyatlarında igidlik nümunələri göstəriblər.

Polşada xüsusi hərbi qayda ilə dəfn olunmuş azərbaycanlı general, bolşeviklərin günahı ucbatından az tanınmış sərkərdələrimizdən olan Vəli bəy Yadigarov Birinci Dünya müharibəsində iştirak edib, Azərbaycan Milli Ordusu sıralarında Qarabağ uğrunda vuruşub, sovetlərə qarşı silahlı xalq üsyanlarında fərqlənib. 1918-1921-ci illərdə bolşeviklərə qarşı döyüşüb. 1920-ci ilin yayında  3-cü Şəki süvari alayının döyüşçüləri ilə məşhur Qarabağ üsyanında da iştirak edib, düşmənə ağır zərbələr vurub. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Vəli bəyin sərkərdəlik bacarığını yüksək qiymətləndirib, ona güvənib.

Bakını bolşeviklərin işğalından sonra tərk edən Yadigarov Polşaya gedərək orada hərbi xidmətdə olub. Polşa ordusunun general-leytenantı rütbəsinə yüksəlib. General Vəli bəy Yadigarov Polşada “Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvarilərin qərargah rəisi və əlahiddə 10-cu süvari diviziyasının komandiri olub.

Polşa ordusunda general rütbəsi almış digər azərbaycanlı general Süleyman bəy Sulkeviç də bu ölkənin nasional-sosialistlərdən azad olunmasında sərkərdəlik məharəti göstərib. Hər iki dost Varşavadakı qəbristanda qonşu məzarlarda uyuyur.  

1941-1945-ci illərdə faşistlərə qarşı igidliklə döyüşmüş həmyerlimiz Vəli bəy SSRİ Polşanı işğal edəndə Argentinaya mühacirətə gedib və orada vəfat edib. Lakin qəhrəmanın nəşi o vaxtkı Polşa hökümətinin göstərişi ilə xüsusi təyyarə reysində  Varşavaya gətirilib və orada təntənəli şəkildə dəfn olunub. Vurğulamaq lazımdır ki, Azərbaycan-Polşa münasibətləri  Ağqoyunlu padşahı Uzun Həsən dövründə yaradılıb və davam edib. Azərbaycanla Polşa arasında ilk rəsmi diplomatik əlaqələr 1472-ci ildə, 548 il əvvəl Uzun Həsən və Polşa kralı IV Kazimir Yaqelonçik dövründə qurulub.

Xatırladaq ki, Məmmədəmin Rəsulzadənin həyat yoldaşı polyak olub.

Azərbaycanm neft sənayesinin inkişafında polyak neftçiləri P. Pototski və V. Zqlenitski mühüm yer tutublar. V. Zqlenitski Xəzər dənizinin şelfində dünyada ilk dəfə neft çıxarmanm layihəsini vermiş, P. Pototski isə bu layihənin həyata keçirilməsində iştirak etmişdir. Milliyətcə polyak olan görkəmli sərkərdə marşal Konstantin Rokossovskinin xatirəsi ölkəmizdə hörmətlə yad edilir.

Polşa rəhbərləri bu və digər faktları bilmirlərmi? Onlar ən azı xilaskarlarının ruhuna beləmi sayğısızdırlar? Bunun kökündə nə dayanır, desinlər.

Vəli İlyasov, “İki sahil”