31 avqust 2026 21:42
86

Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammiti Avrasiyanın diplomatik xəritəsində mühüm mərhələyə çevrilərək, Azərbaycanın regiondakı geostrateji mövqelərinin daha da möhkəmləndiyini nümayiş etdirdi. Təşkilatın 25 illiyinə həsr olunmuş bu mötəbər forumda Prezident İlham Əliyevin iştirakı sadəcə diplomatik protokolla məhdudlaşmır, bu addımla Bakı Şərqlə Qərb arasında təhlükəsizlik, nəqliyyat, energetika və iqtisadi qarşılıqlı əlaqələrin müzakirəsində vazkeçilməz subyekt olduğunu bir daha sübut edir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ŞƏT ilə dialoq tərəfdaşı statusunda əməkdaşlıq etsə də, bu münasibətlərin real məzmunu rəsmi çərçivələri çoxdan aşmışdır. Ölkənin coğrafi mövqeyi sadəcə xəritədəki üstünlük olmaqdan çıxaraq güclü siyasi-iqtisadi resursa çevrilmişdir. Çin və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin ana qovşaqlarından birinə çevrilən Azərbaycan, ŞƏT dövlətləri üçün nəqliyyat marşrutlarının diversifikasiyası baxımından həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, bərpa olunan enerji sahəsindəki layihələr və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizinin formalaşdırılması təşəbbüsləri ölkənin etibarlı enerji tərəfdaşı imicini daha da gücləndirir.

K.Bayramov qeyd edib ki, bu gün qazanılan strateji uğurlar müstəqilliyin ilk illərində qarşılaşan ağır böhranlar kontekstində daha aydın görünür. Otuz beş il əvvəl müstəqilliyini bərpa edən respublika dərin iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik və torpaqlarının işğalı ilə üz-üzə qalmışdı. O dövrdə söhbət qlobal nəqliyyat dəhlizlərindən deyil, dövlətçiliyin qorunub saxlanılmasından gedirdi. Lakin ötən dövr ərzində Azərbaycan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzinə çevrilməyi bacardı. Ərazi bütövlüyünün bərpa olunması bu inkişafın ən mühüm mərhələsi oldu. Bu tarixi zəfər yalnız hərbi-siyasi qələbə deyil, həm də ölkənin vahid iqtisadi məkanının və nəqliyyat kommunikasiyalarının bərpa olunması, azad edilmiş ərazilərin ümummilli inkişaf sisteminə inteqrasiyası deməkdir. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşması geoiqtisadi reallığa çevrilməkdədir.

Deputat həmçinin vurğulayıb ki, beynəlxalq nüfuz bəyanatlarla deyil, onilliklər ərzində müstəqilliyi qorumaq, öhdəlikləri yerinə yetirmək və real infrastruktur həlləri təklif etmək qabiliyyəti ilə qazanılır. Azərbaycan dövlətçiliyin itirilməsi təhlükəsindən davamlı suverenliyə, işğaldan ərazi bütövlüyünün bərpasına və periferik vəziyyətdən Avrasiyanın ən mühüm kəsişmə qovşağı roluna qədər şərəfli bir yol keçmişdir. Təhlükəsizlik, ticarət, loqistika və rəqəmsallaşma mövzularının ön plana çıxdığı Bişkek sammitində Azərbaycanın iştirakı ölkənin artıq dünya siyasi xəritəsində öz yerini axtarmadığını, əksinə, onu inamla tutduğunu və 35 illik müstəqillik yolunda tamamilə doğru istiqamətdə irəlilədiyini nümayiş etdirir.