31 avqust 2026 23:23
155

BKM vasitəsilə avro ilə əməliyyatların sayı 6,5% azalıb

Avqustun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə avro ilə həyata keçirilən əməliyyatların göstəriciləri açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin avqustun 1-nə olan göstəriciyə görə, BKM vasitəsilə 2,2 milyon avro məbləğində 15,9 min ödəniş əməliyyatı həyata keçirilib.

“İki sahil” xəbər verir ki, Trend agentliyinin AMB-nin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 1,1 min və ya 6,5 faiz, məbləği isə 100 min manatdan çox və ya 4,3 faiz azalıb.

Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını, yəni ödənişlərin banklar arasında düzgün ötürülməsini və yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə infrastrukturudur.

Qeyd edək ki, bankın iyul ayının sonuna olan məlumatına görə, bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,785 milyon ədədə çatıb.

AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artıb.

Həmçinin qeyd olunub ki, debet kartlarının sayı 10,5 faiz artıb, kredit kartlarının sayı isə 4,6 faiz azalıb.

“İlin əvvəlindən ölkə daxilində nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artıb.

2026-cı ilin iyul ayında ölkə daxilində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,712 milyard manat təşkil edib. Nağdsız ödənişlərin ümumi həcmindən 8,455 milyard manat elektron ticarətin, 1,255 milyard manat POS-terminalların, 2 milyon manat isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə aparılan əməliyyatların payına düşüb.

İlin əvvəlindən ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının ümumi həcminin 69,8 faizini təşkil edib”, - bankın məlumatında deyilir.