01 sentyabr 2026 00:38
96

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla avqustun 31-də keçirilən görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir.

“İki sahil” xəbər verir ki, bu ölkənin müxtəlif media orqanlları görüş barədə geniş materiallar yayıb.

Bildirilib ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, Amerika Birləmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər işgüzar dairələr arasında təmasları alqışlayıb, iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.

Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.

Bundan başqa, liderlər parlamentarilərin və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələri qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.

Qeyd olunub ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.