02 sentyabr 2026 13:37
95

İsrail bu halda İranın nüvə obyektlərinə hücum edəcək

İran İsrail dövlətinin ərazisinə birinci hücum edəcəyi təqdirdə, İsrail Silahlı Qüvvələri İranın nüvə proqramı obyektlərinə zərbələr endirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail rəhbərliyindəki mənbələrə istinadla "Al-Monitor" portalı məlumat verib.

Onların məlumatına görə, İsrail mövcud şəraitdə ABŞ-nin İran ərazisinə davam edən zərbələri fonunda İranla birbaşa qarşıdurmadan qaçmağa çalışır. İsrail status-kvonun qorunub saxlanılmasında maraqlıdır və gərginliyi artırmaq niyyətində deyil.

Buna baxmayaraq, İsrail rəhbərliyi istisna etmir ki, İran hakimiyyəti ən radikal əhval-ruhiyyəli dairələrin daxili təzyiqi altında İsrailə qarşı məhdud zərbələr endirə bilər. İsrail Hərbi Hava Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir. Gərginlik artacağı təqdirdə, İsrail hərbçiləri ilk növbədə İranın nüvə proqramı obyektlərinə diqqət yetirəcəklər. Hadisələrin belə inkişafı fonunda İranın energetika və nəqliyyat infrastrukturu, eləcə də hökumət müəssisələri İsrail üçün ikinci dərəcəli hədəflər hesab olunur.

Sentyabrın 2-nə keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisindəki hədəflərə bir sıra zərbələr endirildiyini bildirib. "Press TV" telekanalının məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və digər şəhərlərdə baş verib. Cavab olaraq İran Silahlı Qüvvələri ABŞ-nin İordaniya, Bəhreyn və İraqdakı hərbi obyektlərinə zərbələr endirib.