03 sentyabr 2026 21:49
118

Təhlükəsiz gələcəyə doğru

Ermənistanın Azərbaycan ərazilərini təxminən 30 il işğal altında saxlaması ölkəmizə ağır miras qoyub. Elə bu səbəbdən Azərbaycan bu gün dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biri sayılır.

İlkin qiymətləndirmələrə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 milyondan çox minanın basdırılması ehtimal olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 667 kvadratkilometr ərazi mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmiş hesab edilir. 2020-ci ilin noyabrından etibarən 298 min hektardan çox ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. Şübhəsiz, bunlar böyük göstəricilərdir və Azərbaycanın minatəmizləmə prosesinə necə böyük resurs səfərbər etdiyini nümayiş etdirir.

Lakin görülən böyük işlərə baxmayaraq, mina təhlükəsi hələ də aktual olaraq qalır. Vətən müharibəsi başa çatandan bu günədək 437 həmvətənlimiz partlayıcı sursatların qurbanına çevrilib. Onlardan 73-ü həyatını itirib, 364 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Mina qurbanları arasında uşaqların, qadınların və digər mülki şəxslərin olması problemin nə qədər faciəvi olduğunu bir daha göstərir.

Problemin həllini çətinləşdirən əsas amillərdən biri də Ermənistanın minalanmış ərazilərin xəritələrini əsasən qeyri-dəqiq və natamam təqdim etməsidir. Bu isə minatəmizləmə prosesinin həm müddətini uzadır, həm də ərazidə çalışan mütəxəssislərin həyatını təhlükə qarşısında qoyur.

Minalar həm də yenidənqurma işlərinin aparılmasına, iqtisadi fəaliyyətin genişləndirilməsinə, nəqliyyat və kommunikasiyaların bərpasına, ən əsası isə keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneədir. Buna baxmayaraq, Azərbaycan mina probleminin həlli istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər həyata keçirir. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdəki evlərinə qayıdıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib.

Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları davam etdirilir. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq məqsədilə qabaqcıl texnologiyalardan, innovativ yanaşmalardan və müasir idarəetmə sistemlərindən bəhrələnir.

Prezident İlham Əliyevin IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində də vurğulandığı kimi, mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Dövlət başçısı Azərbaycanın həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirdiyini bildirib. Azərbaycanın bu sahədə gördüyü işlərin miqyası ölkəmizin üzərinə götürdüyü maliyyə yükündə də özünü göstərir. 2020-ci ildən bəri mina təhlükəsi ilə mübarizəyə 590 milyon dollardan çox vəsait ayrılıb.

Beynəlxalq mütəxəssislər də Azərbaycanın minatəmizləmə sahəsində əldə etdiyi nəticələri yüksək qiymətləndirirlər. Məsələn, Bosniya və Herseqovinanın Minatəmizləmə Mərkəzinin (BHMAC) nümayəndəsi Enis Horozovic Azərbaycanın bu sahədə əldə etdiyi nəticələri uğurlu hesab edib. ASEAN Regional Minalarla Mübarizə Mərkəzinin icraçı direktoru Rothna Buth isə Azərbaycan da daxil olmaqla, minalardan zərər çəkmiş ölkələrin təcrübəsindən və innovativ yanaşmalarından öyrəniləcək çox şeyin olduğunu bildirib.

Mina probleminin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və insanların təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtmasının humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və praktiki dəstək tələb edir. Yəni, bu problemin həllində beynəlxalq əməkdaşlıq da öz sözünü deməlidir. Amma nə yazıq ki, mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur.

Azərbaycan mina fəaliyyətini beynəlxalq gündəmdə yüksək səviyyədə saxlamaq və bu istiqamətdə əməkdaşlığı genişləndirmək üçün ardıcıl addımlar atmaqda davam edir. Bu baxımdan, sentyabrın 2-də Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində ANAMA ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) arasında Anlaşma Memorandumunun imzalanması da beynəlxalq əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Mütəxəssislərin fikrincə, bu sənəd Azərbaycanın mina probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif regionlarda fəaliyyət göstərən minatəmizləmə qurumları arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”